Kriminal

"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var

02 Nov 2026, 18:34 3 baxış
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
"Şəki Yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisə üzrə iki şəxs cinayət məsuliyyətinə cəlb olunub. Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki nəfərin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanıb və ibtidai istintaq aparılır. İstintaq zamanı hadisənin bütün hallarının araşdırılması məqsədilə çoxsaylı şahidlərin ifadələri alınıb, məhkəmə-tibbi, əməyin təhlükəsizliyinin kompleks tədqiqi, tikinti-texniki, trasoloji və fiziki-kimyəvi ekspertizalar təyin edilərək müvafiq rəylər əldə olunub. Həmçinin aidiyyəti dövlət qurumlarına və digər təşkilatlara sorğular göndərilib, zəruri prosessual hərəkətlər həyata keçirilib. Aparılmış istintaqla müəyyən edilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ramiz Hüseynov istirahət mərkəzini idarə etdiyi müddətdə üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməyib. Onun işə vicdansız və laqeyd münasibəti nəticəsində iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr yaranıb. İstintaq tədbirləri ilə, həmçinin müəyyən olunub ki, Ramiz Hüseynov "Zipline" kanat yolu üçün nəzərdə tutulan qüllənin tikintisini müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə şifahi qaydada həvalə edib. Qüllə Ramiz Hüseynovun rəhbərliyi və birbaşa göstərişləri ilə qanunsuz inşa olunub. Nəticədə qüllənin üzərindəki dəmir konstruksiyanın deformasiyaya uğraması səbəbindən kanatlarda dalğalanma yaranıb və sürüşməni təmin edən əsas "zipline" qurğusu kanatdan çıxıb. Kustar üsulla hazırlanmış tormozlama və əlavə təhlükəsizlik vasitəsinin plastik boru hissəsinin kanata keçirilməsi nəticəsində kanatın titrəməsi zamanı qurğunun parça hissəsi cırılıb. Nəticədə kanatdan istifadə edən Ucal Bayramov və Coşqun Məmmədzadə hündürlükdən yıxılaraq aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. Cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 314.3-cü maddəsindən həmin Məcəllənin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsi öldürmə) və 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrinə tövsif edilib. Noyabrın 2-də Ramiz Hüseynov Cinayət Məcəlləsinin 314.3-cü, Abasət Paşayev isə 124.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və onlara müvafiq ittihamlar elan edilib. İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Şəki Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Mənbə oxu.az

Oxşar Xəbərlər