Şou biznes
Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü
Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. Oxu.Az "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəmə sənədlərindən məlum olub ki, 48 yaşlı sənətçinin "City National Bank"a ən azı 117 700 dollar kredit borcu var. Bank Federlayndan hesablanmış faizlərin də ödənilməsini tələb edir. Kredit kartı üzrə faiz dərəcəsi 20.5%, kredit xətti üzrə 7.5%, overdraft xətti üzrə isə 18% təşkil edir. Federlayn bankla müqaviləni 2024-cü ilin noyabr ayının sonunda imzalayıb. Bu, Spirsin iki övladı - Şon Preston və Ceyden Ceyms üçün sonuncu aliment ödənişini etdiyi dövrə təsadüf edib. Lakin Federlayn 2025-ci ildən etibarən bu ödənişlər dayandırıldıqdan sonra maddi çətinliklərlə üzləşməyə başlayıb. Bundan əvvəl Federlayn uşaqların saxlanılması üçün hər ay 40 min dollar aliment alırdı. Şon Prestonun 18 yaşı tamam olduqdan sonra bu məbləğ 20 min dollara endirilib. Ceyden Ceyms məktəbi bitirənədək ödənişlər davam edib. Federlayn "Siz bildiyinizi düşünürdünüz" adlı memuarında bu vəsaitin uşaqların təhlükəsizliyinin təmin olunmasına və onların Spirsin yanında alışdıqları həyat səviyyəsinin qorunmasına sərf edildiyini yazıb. Onun sözlərinə görə, bu xərclər "ayda 40 min dolları asanlıqla aşırdı". "Pullar hesaba daxil olan kimi demək olar ki, yoxa çıxırdı", - deyə o bildirib. Cütlük 2004-cü ildə ailə qurub, üç il sonra isə rəsmi şəkildə boşanıb. Həmin vaxt məhkəmə oğlanların qəyyumluğunu Federlayna verib. Bir neçə ay sonra isə müğənninin uşaqları ilə görüşünə qadağa qoyulub. Uşaqlar uzun illər anaları ilə ünsiyyət saxlamayıblar. 2024-cü ilin dekabrında isə pop ulduz pərəstişkarlarına iki ildən sonra ilk dəfə Şon və Ceydenlə görüşdüyünü açıqlayıb. Müğənni övladlarını evinə dəvət edərək Milad bayramını onlarla birlikdə qeyd edib. Həmin vaxt sənətçi sosial şəbəkə hesabında kiçik oğlu ilə videosunu da paylaşıb. Spirs bunun həyatındakı ən gözəl Milad olduğunu və uzun müddətdir özünü bu qədər xoşbəxt hiss etmədiyini bildirib.
Mənbə
oxu.az