Şou biznes
Kanadalı müğənni Trampı məhkəməyə verdi: ABŞ liderindən 10 milyon dollar tələb olunur
Kanadalı ifaçı Nil Yanq ABŞ Prezidenti Donald Trampa qarşı 10 milyon dollar məbləğində iddia qaldırıb. O, Ağ Ev rəhbərini seçkiqabağı mitinqlərdə "Rockin in the Free World" kompozisiyasından fon musiqisi kimi istifadə edərək müəllif hüquqlarını pozmaqda ittiham edir. Oxu.Az xəbər verir ki, bu barədə "Variety" nəşri xəbər yayıb. İddia ərizəsində bildirilir ki, Tramp oktyabrın 12-də Ohayo ştatında baş tutan mitinqdə və Respublikaçılar Partiyasına dəstək məqsədilə keçirilən digər seçki tədbirlərində sözügedən mahnıdan istifadə edib. Trampın yürütdüyü siyasəti tənqid edən Yanq, həm pul kompensasiyası, həm də mahnısının gələcəkdə siyasi məqsədlər üçün istifadəsinə qadağa qoyulmasını tələb edir. "Variety" qeyd edir ki, 2020-ci ildə də Yanq eyni mahnının açıq şəkildə səsləndirilməsinə görə Trampı məhkəməyə vermişdi. Həmin vaxt siyasətçi iddiaya etiraz etməmiş və müvafiq lisenziya olmadan kompozisiyadan istifadə etməyəcəyinə dair öhdəlik götürmüşdü. Qeyd edək ki, ABŞ-də aralıq seçki noyabrın 3-də keçiriləcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər