Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdi
Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyi məlumat yayıb.
Aksiyada iştirak edən 10-15 nəfərlik qrupun əlində İran bayraqları, eləcə də İran İslam Respublikasının ilk ali dini lideri Ruhullah Xomeyninin portretləri olub.
Əsasən qadınlardan ibarət olan aksiya iştirakçıları səsgücləndiricilər vasitəsilə müxtəlif şüarlar səsləndirib, Azərbaycanda guya hicaba qarşı basqıların olduğunu iddia ediblər.
Aksiya iştirakçıları Azərbaycanın daxili siyasəti ilə bağlı məsələləri dini şüarlar və siyasi simvollar vasitəsilə manipulyasiya etməyə çalışıblar.
Bu aksiya İran xüsusi xidmət orqanlarının təsir agentlərinin Azərbaycanın müstəqil siyasətinə və suveren qərarlarına qarşı apardığı növbəti çirkin təxribat cəhdi kimi qiymətləndirilə bilər.
Xüsusilə Azərbaycanda vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarın dini azadlıqlara qarşı addım kimi təqdim olunması cəhdi diqqət çəkir.
Görünən odur ki, Azərbaycanın müstəqil qərarlar qəbul etməsi, milli maraqlarına uyğun siyasət yürütməsi və daxili məsələlərini özü müəyyənləşdirməsi bəzi dairələri ciddi şəkildə narahat edir. Bu səbəbdən də ölkəmizə qarşı müxtəlif bəhanələrlə beynəlxalq müstəvidə səs-küy yaratmaq, dini mövzulardan siyasi alət kimi istifadə etməyə cəhd göstərilir. Amma bu cılız aksiyaların təşkilatçıları və icraçıları unudurlar ki, Azərbaycanın daxili işlərinə müdaxilə və ölkənin müstəqil siyasətini hədəfə alan bu cür təxribatçı kampaniyalar heç bir nəticə verməyəcək.