İrəvan tarixinə dair kitablar Konqres Kitabxanasınıda... - Foto
Professor Fəridə Səfiyevanın İrəvanın tarixinə və Azərbaycan xalqının bölgədəki zəngin tarixi-mədəni irsinə həsr olunmuş iki kitabı ABŞ Konqres Kitabxanasının kataloquna daxil edilib. Kitabxanadan müəllifə ünvanlanan rəsmi məktubla bu fakt təsdiqlənib. Beləliklə, hər iki kitaba aid ümumilikdə beş nəşr vahidi dünyanın ən nüfuzlu kitabxanalarından birinin kataloqunda öz yerini alıb.
Kult.az xəbər verir ki, “IRAVAN Through the language of Historical Documents” (“İrəvan tarixi sənədlərin dili ilə”) kitabı ingilis dilində nəşr olunub və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə işıq üzü görüb.
“İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabı isə Azərbaycan, ingilis, fransız və rus dillərində nəşr edilib. Bu kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çap olunub.
Nəşrlərdə İrəvanın tarixi keçmişi arxiv sənədlərinin, fotoşəkillərin, şəxsi və ailə arxivlərinin, şəcərə materiallarının dili ilə təqdim olunur. Kitabların diqqətçəkən cəhətlərindən biri də indiyədək geniş ictimaiyyətə və elmi dövriyyəyə məlum olmayan bir sıra sənədləri üzə çıxarmasıdır. Bu materiallar tarixi faktları sənədlər əsasında araşdırmağa, unudulmaqda olan yaddaşı bərpa etməyə və Azərbaycan xalqının bölgədəki irsini gələcək nəsillərə çatdırmağa xidmət edir.
“İrəvan tarixi sənədlərin dili ilə” kitabının təqdimat mərasimi oktyabrın 11-i Nyu-York, oktyabrın 16-sı isə Vaşinqton şəhərlərində keçirilib.
Kitabların ABŞ Konqres Kitabxanasının kataloquna daxil edilməsi müəllifin araşdırmalarının beynəlxalq elmi məkanda tanıdılması baxımından əlamətdar hadisədir. Bu, nəşrlər haqqında məlumatların dünyanın müxtəlif ölkələrindəki tədqiqatçılar, tarixçilər və oxucular üçün əlçatan olmasına imkan yaradır. Eyni zamanda, İrəvanın tarixi və Azərbaycan irsi ilə bağlı sənədli materialların beynəlxalq elmi mühitdə daha geniş tanıdılmasına töhfə verir.