200-dən çox milyarderin vergilərinə nəzarət gücləndirilir
Böyük Britaniyanın Vergi və Gömrük İdarəsi vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ölkə ilə vergi əlaqəsi olan 200-dən çox milyarderin maliyyə fəaliyyətinə nəzarəti gücləndirir.
Axar.az xəbər verir ki, bu barədə “İndependent” nəşri məlumat yayıb.
Qeyd olunur ki, yeni təşəbbüs çərçivəsində müəyyən edilmiş hər bir milyarderə fərdi vergi nəzarəti üzrə menecer təyin olunacaq. Bu mütəxəssislər vergi ödəyicilərinə öhdəliklərini düzgün yerinə yetirməkdə kömək edəcək, həmçinin vergi bəyannamələri təqdim olunmazdan əvvəl onlarla məsləhətləşmələr aparacaqlar.
Vergi və Gömrük İdarəsinin məlumatına əsasən, 2024–2025-ci maliyyə ilində varlı şəxslərlə bağlı ödənilməmiş vergilərin məbləği 3,6 milyard funt sterlinq olaraq qiymətləndirilib. Bu göstərici ölkə üzrə ümumi vergi kəsirinin 6 faizini təşkil edib. Nəzarətə götürülən milyarderlərin hamısı Böyük Britaniyada yaşamır. Onların arasında ölkədə vergi öhdəliyi olan və fərdi vergi bəyannaməsi təqdim etməli şəxslər də var.