Cəmiyyət
Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşamağa başlayan 14 yaşlı qızın anasının yenidən ailə qurmasından sonra zorakılığa məruz qaldığı iddia olunur. Oxu.Az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə, qızın bibiləri evdə baş verənlərdən narahat olaraq vəziyyətə müdaxilə etməyə çalışıblar. Onlar qızın anası ilə söhbət etsələr də, cəhdləri nəticə verməyib. Daha sonra aidiyyəti dövlət qurumlarına müraciət olunub. Nəticədə qız anasının yanından götürülərək sığınacağa yerləşdirilib. Məlumata əsasən, sığınacağa yerləşdirildikdən sonra da 14 yaşlı qız anasının təhdidləri ilə üzləşib və qorxu içində yaşayıb. Qeyd olunub ki, qız indiyədək məktəbə getməyib. Hazırda sığınacaqda ilk dəfə əlifbanı öyrənir və təhsilə başlayır. Bibilərinin sözlərinə görə, qızın anasının vəziyyəti də narahatlıq doğurur. Onlar qadının psixoloji problemlərinin ola biləcəyindən şübhələnirlər.
Mənbə
oxu.az