Mədəniyyət
ICESCO-nun Qarabağla bağlı hazırladığı hesabatlar beynəlxalq məhkəmələrə təqdim oluna bilər
"Biz ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə dağıntıların nə qədər dəhşətli olduğunu gördük". Oxu.Az xəbər verir ki, sertifikatı ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən panel sessiyada deyib. O bildirib ki, elə məqamlarla qarşılaşıblar ki, onları təsvir etməyə vaxt çatmaz: "Lakin həmin səfərdən sonra Prezidentlə görüşdük və ona missiya göndərəcəyimizə söz verdim. Müxtəlif ölkələrdən olan nümayəndələrdən ibarət missiya göndərdik. Onların arasında Fransa, İtaliya, Kolumbiya və ərəb regionundan olan nümayəndələr var idi. Təxminən 7-8 nəfərdən ibarət bu missiya Qarabağa gələrək müxtəlif əraziləri müəyyənləşdirdi və hesabat hazırladı. Eyni missiya yenidən qayıtdı və ikinci hesabatı hazırladı. Həmin hesabat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edildi. Prezident görülən işi yüksək qiymətləndirdi və bildirdi ki, bu, Qarabağa gələn qonaqlarına belə təqdim etmək istədiyi bir işdir". O bildirib ki, zərurət yaranarsa, bu hesabat hətta beynəlxalq məhkəmələrə də təqdim oluna bilər: "Həmin vaxtdan bəri mən bir neçə dəfə Azərbaycana gəldim, Füzuli, Ağdam və Şuşaya səfər etdim. Yeri gəlmişkən, Şuşa 2020-ci ildə İslam dünyasının mədəniyyət paytaxtı idi. 2020-ci ildən ötən ilə qədər gördüklərim, məncə, həqiqətən də heyrətamizdir. Azərbaycanın rəhbərliyi və xalqı gördükləri işlərlə, bərpa etdikləri abidələrlə, bütün bu irs və mədəniyyət nümunələrinin qorunması istiqamətində həyata keçirdikləri tədbirlərlə haqlı olaraq fəxr etməlidirlər. Çünki bu abidələr Azərbaycanın və Azərbaycan xalqının kimliyini, zəngin mədəniyyətini əks etdirir. İslam Dünyası İrsi Mərkəzimizdə Azərbaycanın 25 maddi və qeyri-maddi irs nümunəsi qeydiyyata alınıb".
Mənbə
oxu.az