Dünya
"Hizbullah" İranın xeyrinə hərbi əməliyyatlara qoşulmaqdan imtina etdi
İran və ABŞ arasında yeni bir toqquşma ehtimalı yaranarsa, "Hizbullah" qruplaşması İsrailə qarşı hərbi addımlar atmaqdan imtina edəcək. Oxu.Az "Naharnet" xəbər portalına istinadən xəbər verir ki, bu bəyanatla Livanın birpalatalı parlamentinin sədri Nəbih Berri çıxış edib. Siyasətçi qeyd edib: "Bu dəfə "Hizbullah" İranın xeyrinə hər hansı bir toqquşmaya qoşulmayacaq və həmin mövqe ölkə prezidenti Cozef Auna da bildirilib". Berri 2026-cı il martın 2-də başlanan hərbi gərginlikdən etibarən qruplaşma və Livan rəhbərliyi arasında vasitəçilik edir. Sədrə yaxın mənbələrin portala verdiyi izahata əsasən, "Hizbullah"ın bu qərarı Livanın cənubunda İsrailin hava hücumlarından ziyan çəkən əhalinin üzləşdiyi çətin vəziyyətlə əlaqədardır. Mənbələr bildirirlər ki, təşkilatın öz tərəfdarlarından bu cür addıma görə mənfi reaksiya görə biləcəyi narahatlığı onları ehtiyatlı davranmağa məcbur edir. "Asharq Al Awsat" qəzetinin yaydığı məlumata əsasən, "Hizbullah"ın mövqeyi İran rəsmiləri ilə də razılaşdırılıb. 14-16 oktyabr tarixlərində Beyrutda səfərdə olan İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə parlament sədri Berriyə bildirib ki, rəsmi Tehran ABŞ Prezidenti Donald Trampın kəskin hədələri şəraitində radikal döyüşçüləri bu cür qeyri-bərabər mübarizəyə sürükləmək istəmir. Nəşrin istinad etdiyi Xətibzadənin sözlərinə əsasən, İran öz gücünə müqavimət göstərmək qabiliyyətindədir və düşmənin hədəflərinə çatmasına mane olmaq məqsədilə ehtimal edilən yeni hücuma hazırlıq sahəsində ciddi nailiyyətlər qazanıb.
Mənbə
oxu.az