Dünya
Böyük Britaniya 134 milyard dollarlıq hərbi bank layihəsindən imtina etdi
Böyük Britaniya NATO-ya üzv dövlətlərin müdafiə layihələrini maliyyələşdirmək məqsədilə Kanada tərəfindən yaradılan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına (DSRB) qoşulmamaq qərarına gəlib. Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Ottava və London bir sıra mühüm məsələlərdə, o cümlədən yeni iştirakçıların qəbulu, birgə satınalmaların həcmi, kreditləşmə şərtləri və mənzil-qərargahın yeri ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər. Bununla belə, hər iki tərəf iki ayrı-ayrı müdafiə maliyyə təşkilatı arasında əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Sözügedən bankın formalaşdırılmasında Türkiyə, Ukrayna, Kanada, Belçika, Yunanıstan və digər bir neçə dövlət iştirak etməyə hazırdır. Bu təşəbbüs hərbiyönümlü layihələrin maliyyələşdirilməsi üçün 134 milyard dollara qədər vəsaitin cəlb olunmasını nəzərdə tutur.
Mənbə
oxu.az