Şou biznes
Rayan Qoslinqin musiqi qrupu geri qayıdır: Yeni mahnı nə vaxt yayımlanacaq?
Aktyor Rayan Qoslinq və musiqiçi Zak Şildsdən ibarət "Dead Man"s Bones" dueti fəaliyyətini bərpa etdiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, qrup "Instagram" səhifəsində oktyabrın 27-də yayımlanacaq yeni mahnısının anonsunu paylaşıb. Layihə 2005-ci ildə Qoslinq və Şildsin "Disneyland" əyləncə parkındakı "Haunted Mansion" attraksionuna ortaq maraqlarının olduğunu aşkar etmələrindən sonra yaranıb. Şilds uşaqlıqda ruhlara o qədər aludə olub ki, ona hətta terapiya təyin edilib. Qoslinqin valideynləri isə yaşadıqları evin ruhlarla məskunlaşdığına inandıqları üçün oradan köçüblər. Nəticədə Qoslinq və Şilds ruhlar və canavarlar haqqında sevgi hekayələri yazmağa qərar veriblər. Əvvəlcə layihə bir canavarla kabusun sevgisindən bəhs edən tamaşa üçün saundtrek kimi nəzərdə tutulub. Lakin istehsal xərclərinin yüksək olması səbəbindən tamaşanın hazırlanmasından imtina edilib. "Dead Man"s Bones" qrupunun indiyədək yeganə albomu 2009-cu il oktyabrın 6-da "ANTI-" leyblində işıq üzü görüb. Qrupun mahnıları "Lənət" (2013) filmində, Fransanın "Panik dövrü" (2013) ekran əsərində, "Netflix" platformasının 2026-cı ildə yayımlanan "The Boroughs" serialında və 2026-cı ildə ekranlara çıxan "They Will Kill You" filmində səslənib. Qoslinq "La-La Lend" və "Barbi" filmlərindəki musiqi nömrələri ilə də tanınır. O, "I"m Just Ken" mahnısına görə "Qremmi" mükafatına namizəd göstərilib və 2024-cü ildə "Oskar" mükafatlarının təqdimetmə mərasimində həmin mahnını ifa edib.
Mənbə
oxu.az