Cəmiyyət
Bəzi şəxslərin pensiyasının hesablanma qaydası dəyişir - Qanun nə deyir?
Azərbaycanda pensiya təminatı sistemi əsasən "Əmək pensiyaları haqqında" Qanunla tənzimlənir. Oxu.Az xəbər verir ki, "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu bəzi kateqoriyalardan olan şəxslərin pensiya təminatının təkmilləşdirilməsi ilə bağlıdır. Bəzi şəxslərin pensiyasının hesablanması qaydasının dəyişdirilməsi nəzərdə tutulur. Söhbət dövlət qulluqçularından, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçulardan və səlahiyyət müddətinə görə pensiya alan şəxslərdən gedir. Hazırda bu şəxslərin pensiyaları əməkhaqqı və ya sonuncu təminat xərcliyi ilə əlaqəli şəkildə hesablanır. Yeni yanaşmaya əsasən, pensiyanın məbləği şəxsin fərdi hesabında qeydə alınmış pensiya kapitalı əsasında müəyyən ediləcək. Başqa sözlə, pensiyanın məbləği artıq sonuncu əməkhaqqından və ya təminat xərcliyindən birbaşa asılı olmayacaq. Bununla yanaşı, həmin şəxslərə aylıq pensiya əlavəsinin də verilməsi nəzərdə tutulur. Dövlət qulluqçularına ödəniləcək aylıq pensiya əlavəsinin məbləği onların inzibati təsnifatına, hərbi qulluqçulara veriləcək əlavənin məbləği isə hərbi rütbələrinə uyğun müəyyən ediləcək. Səlahiyyət müddətinə görə pensiya alan şəxslər üçün əlavələrin məbləği konkret vəzifələr üzrə sabit müəyyənləşdiriləcək. Digər mühüm yenilik pensiyanın proaktiv qaydada təyin edilməsidir. Bu o deməkdir ki, vətəndaşın pensiya təyin olunması üçün ayrıca dövlət qurumuna müraciət etməsinə ehtiyac qalmayacaq. Lazımi məlumatlar elektron sistemlər vasitəsilə əldə ediləcək, pensiya və ona əlavə avtomatik qaydada təyin olunacaq. Dəyişikliklər yalnız bu kateqoriyadan olan şəxslərin pensiya təminatını əhatə etmir. Əmək pensiyalarının və pensiya kapitallarının indeksləşdirilməsi mexanizminin də təkmilləşdirilməsi nəzərdə tutulur. Hazırda əmək pensiyaları ölkə üzrə ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, fərdi hesablarda qeydə alınan pensiya kapitalları isə istehlak qiymətləri indeksinin illik səviyyəsinə əsasən indeksləşdirilir. Yeni yanaşmaya əsasən, əmək pensiyalarının və pensiya kapitallarının məbləğindən asılı olaraq diferensial indeksləşdirmə tətbiq ediləcək. Belə ki, aşağı məbləğli pensiyalar və pensiya kapitalları əvvəlki qaydada tam həcmdə indeksləşdiriləcək, daha yüksək məbləğlər üçün isə fərqli mexanizm tətbiq olunacaq. Dəyişikliklərin əsas məqsədi pensiya sistemində vahid sığorta prinsipinin tətbiqini gücləndirmək, aşağı məbləğli pensiyaların artırılmasına imkan yaratmaq və sistemin maliyyə dayanıqlığını möhkəmləndirməkdir.
Mənbə
oxu.az