Dünya
İrlandiya hökumətindən yeni sosial kampaniya: Nəvəni qucaqlamaq üçün icazə almalısan
İrlandiyada hökumət tərəfindən maliyyələşdirilən yeni sosial kampaniya başlayıb. Bu təşəbbüs çərçivəsində nənə və babalara nəvələrini qucaqlamazdan əvvəl onlardan icazə almaları tövsiyə olunur. Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb. "We-Consent" təşkilatının hazırladığı videoçarxda qeyd edilir ki, bəzi uşaqlar, hətta yaxınları tərəfindən olsa belə, qucaqlanmaq istəmirlər. Dublin bələdiyyəsinin müşaviri Qevin Pepper isə öz növbəsində bu kampaniyanı sərt tənqid edərək, hökumətin və qeyri-hökumət təşkilatlarının "həddi aşdığını" bildirib. O qeyd edib ki, uşaqlara şəxsi sərhədlərə hörmət etməyi və fiziki təmasdan imtina etməyi öyrətmək lazımdır. Lakin onun fikrincə, yaxın qohumların sarılmasını "şübhəli bir hal" kimi təqdim etmək doğru deyil. Digər bələdiyyə müşaviri Lorreyn Holl isə bu kampaniyanı dəstəkləyib. Onun sözlərinə görə, tənqidçilər videonu həddindən artıq hərfi mənada qəbul ediblər və diqqəti cəlb etmək üçün yaradıcı üsullardan istifadə edən sosial reklamın xüsusiyyətlərini nəzərə almayıblar. O əlavə edib ki, kampaniyanın yaratdığı geniş müzakirələr onun öz məqsədinə çatdığını sübut edir.
Mənbə
oxu.az