Maraqlı

Eyni anda bir neçə iş görmək məhsuldarlığı niyə aşağı salır? - Mütəxəssis məsləhəti

22 Oct 2026, 06:00 3 baxış
Eyni anda bir neçə iş görmək məhsuldarlığı niyə aşağı salır? - Mütəxəssis məsləhəti
"Çoxşaxəli fəaliyyət əksər hallarda iş prosesini sürətləndirmir, əksinə, nəticənin keyfiyyətini aşağı salır. Tapşırıqlar arasında tez-tez keçid etmək insanda yorğunluq, səhvlər və emosional tükənmə yaradır". Oxu.Az xəbər verir ki, bunu rusiyalı psixoloq, psixologiya üzrə elmlər namizədi Yelena Skripaçova RT-yə müsahibəsində bildirib. Mütəxəssis qeyd edib ki, tapşırıqlar arasında keçid etmək məlumatın paralel emalı demək deyil: "Psixoloji, neyropsixoloji və neyrokoqnitiv baxımdan tapşırıqlar arasında keçid məlumatın paralel emalı demək deyil. Unutmaq olmaz ki, beyin bütün prosesləri ardıcıl şəkildə həyata keçirir". Onun sözlərinə görə, diqqət başqa istiqamətə yönəldikdə beyin resurslarının bir hissəsi əvvəlki işlə bağlı qalır. Bu səbəbdən yeni fəaliyyətin səmərəliliyi nəzərəçarpacaq dərəcədə azalır. "Yeni tapşırığa tam uyğunlaşmaq üçün təxminən 15 dəqiqə vaxt tələb olunur. Yəni bir işdən digərinə tam köklənmək üçün beynə məhz 15 dəqiqə lazımdır", - deyə psixoloq bildirib. Skripaçova əlavə edib ki, fəaliyyətlər arasında davamlı keçidlər beynin planlaşdırma və impulsların idarə olunmasına cavabdeh olan icra funksiyalarını həddindən artıq yükləyir. "Bu vəziyyət psixoloji və zehni yorğunluğa gətirib çıxarır. Yorğunluq isə öz növbəsində işin keyfiyyətinin aşağı düşməsinə və səhvlərin artmasına səbəb olur", - deyə o xəbərdarlıq edib. Mütəxəssis bildirib ki, diqqəti yayındıran tez-tez gələn bildirişlər və mesajlar insanda kiçik dozalarda dofamin ifrazına səbəb olur və bununla da davranış asılılığının formalaşmasına şərait yaradır. "Fəaliyyətin davamlı dəyişməsi həm də stres reaksiyasını aktivləşdirir. Nəticədə xroniki stres yaranır və bu, tükənmə ilə nəticələnə bilər. Üstəlik, bu cür hallar yaradıcılığı da kəskin şəkildə azaldır. Çünki yaradıcı düşüncə üçün insanın özünə qapanması və müəyyən mənada sakitliyə ehtiyacı var", - deyə Skripaçova vurğulayıb. O, eyni anda çoxsaylı tapşırıqları yadda saxlamağın, xaotik şəkildə bir işdən digərinə keçməyin və bir neçə mürəkkəb tapşırığı paralel həll etməyə çalışmağın zərərli olduğunu diqqətə çatdırıb. "İnsanda elə bir illüziya yaranır ki, guya hər şeyi çox sürətlə edir. Əslində isə işlərimizi ləng görürük, çünki beyin dərhal yeni prosesə qoşula bilmir. Bu, zərərlidir, çünki həddindən artıq gərginliyə səbəb olur", - deyə mütəxəssis bildirib. Sağlam fəaliyyət dəyişikliyi üçün psixoloq zehni işi fiziki fəaliyyətlə əvəz etməyi məsləhət görüb. O, həmçinin tapşırıqları bölüşdürmək, qadcetlərdən istifadəni məhdudlaşdırmaq və prioritetləri müəyyənləşdirməyi öyrənmək tövsiyə edib. "Özümüz üçün məcburi keçidlərin zərərini minimuma endirdikdə daha məhsuldar və səmərəli oluruq", - deyə o fikrini yekunlaşdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər