Dünya
ABŞ-də bir milyon dollarlıq "pokemon" oğurluğu
ABŞ-nin Kaliforniya ştatında hüquq-mühafizə orqanları dəyəri 963 min dollar qiymətləndirilən "Pokémon" kartlarının oğurlanması faktı ilə bağlı araşdırma aparırlar. Oxu.Az "Associated Press"ə istinadən xəbər verir ki, kartlar kolleksiya əşyalarının orijinallığını və vəziyyətini yoxlayan şirkətin qarşısında saxlanılan yük maşınından oğurlanıb. Polisin açıqlamasına görə, sürücü avtomobili nəzarətsiz qoyub. Onun maşından nə qədər müddətə uzaqlaşdığı hələlik məlum deyil. Yük maşınının qıfılı sındırılıb, içərisindəki malların olduğu iki altlıq oğurlanıb, üçüncü altlıq isə zədələnib. Oğurlanan malların ümumi dəyəri hələ tam müəyyənləşdirilməyib. Bostonlu kolleksiyaçı Nik Endryusun fikrincə, dəymiş zərər açıqlanan məbləğdən xeyli çox ola bilər. O bildirib ki, söhbət "minlərlə kartdan və ehtimal ki, milyonlarla dollardan" gedir. Kartları bir neçə müştərinin adından qiymətləndirməyə təqdim edən zərərçəkənlərdən biri 500 min dollar məbləğində zərərə uğradığını bildirib. Bəzi müştərilər internetdə şirkətdən hadisə ilə bağlı izahat məktubu aldıqlarını yazıblar. Onlar kartlarını bir daha görə bilməyəcəklərindən və ya adekvat təzminat ala bilməyəcəklərindən narahatdırlar. Şirkət nümayəndələri hadisənin kolleksiyaçılar üçün nə qədər ağır olduğunu anladıqlarını bildiriblər. Onların sözlərinə görə, bu kartlar bir çox insan üçün sadəcə maliyyə aktivi deyil.
Mənbə
oxu.az