Siyasət
Qardaşdan gözlənilməyən sözlər: Azərbaycan xalqının incikliyi
Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən telefon danışığında qardaşlıq münasibətlərinin və əməkdaşlığın gələcəyinin vurğulanması mühüm siyasi mesajdır. Liderlərin qarşılıqlı etimadı iki dövlətin münasibətlərinin əsas dayaqlarından biri olaraq qalır. Lakin diplomatik gündəlikdəki müsbət mesajlarla ictimai yaddaşın özünəməxsusluğu nəzərə alınmalıdır. Münasibətlərin inkişafına dair əminlik son həftələrdə deyilən sözləri, səsləndirilən ittihamları və onların yaratdığı incikliyi avtomatik aradan qaldırmır. Bu baxımdan telefon danışığını alqışlamaqla yanaşı, onun daha əvvəl baş tutmasının arzuolunan olduğunu söyləmək də tamamilə yerinə düşür. Kampaniya genişlənməmiş veriləcək aydın siyasi mesaj qarşılıqlı etimadın zədələnməsinin qarşısını ala bilərdi. Baş verənlərin ən ağır tərəfi Azərbaycana qarşı ittihamların qardaş bildiyimiz ölkənin siyasi və informasiya məkanından səslənməsi idi. Üstəlik, müzakirəyə yüksəkvəzifəli şəxslərin qoşulması həmin çıxışların təsirini artırdı. Yeni Azərbaycan Partiyasının bəyanatında Türkiyə prezidentinin baş müşaviri Oktay Saralın və AKP deputatlarının açıqlamalarına münasibət bildirilməsi, Azərbaycana qarşı tənqidləri ictimaiyyətdə hiddət doğurduğunun vurğulanması məsələnin ciddiliyini göstərdi. Azərbaycan üçün Türkiyə ilə münasibətlərin xüsusi mənəvi yeri var. Bu münasibətlərə adi xarici siyasət əlaqəsi kimi baxılmır. Türkiyənin uğuru sevinclə, çətinliyi narahatlıqla qarşılanır. Qardaşlıq anlayışının ictimai şüurda bu qədər güclü olması qarşı tərəfdən gələn tənqidi çıxışları da daha ağrılı edir. İncikliyin səbəbi fikir ayrılığının özü deyil. Dövlətlər və cəmiyyətlər arasında fərqli yanaşmalar ola bilər. Ağır qarşılanan Azərbaycanın daxili qərarlarına yuxarıdan münasibət göstərilməsi, ona geri çəkilmək çağırışlarının edilməsi və rəhbərliyinin hədəfə alınmasıdır. Azərbaycanda buna görə verilən sual sadədir: niyə belə davranışlara vaxtında və açıq siyasi münasibət bildirilmədi? Niyə qardaş ölkəyə münasibətdə siyasi məsuliyyətin sərhədləri daha əvvəl xatırladılmadı? Burada gözlənilən hər tənqidi fikrin susdurulması deyil. Söhbət yüksəkvəzifəli şəxslərin öz sözlərinə görə məsuliyyət daşımasından, böhtan və tənqidlərin qəbul edilmədiyinin aydın ifadə olunmasından gedir. Qarşılıqlı hörmətin tələb edilməsi tamamilə təbii gözləntidir. İlham Əliyevin adı ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlıdır. Buna görə onun şəxsiyyətini hədəfə alan çıxışların geniş ictimai həssaslıq yaratmasını anlamaq çətin deyil. Bu həssaslığı nəzərə almayanlar iki xalq arasındakı münasibətlərin mənəvi tərəfini də düzgün qiymətləndirmirlər. Siyasi bəyanat vermək bir neçə dəqiqə çəkir. Onun yaratdığı etimadsızlığın aradan qaldırılması isə daha uzun zaman tələb edə bilər. Əlbəttə, ayrı-ayrı şəxslərin davranışını bütün Türkiyəyə aid etmək ədalətsizlik olardı. Türkiyədə Azərbaycana hörmətlə yanaşan, müdaxilə üslubuna qarşı çıxan və qardaşlığı qorumağın vacibliyini bildirən səslər də eşidildi. Məhz bu səslər incikliyin iki xalq arasında daha dərin uçuruma çevrilməməsi üçün qiymətlidir. İndi liderlərin müsbət danışığının yaratdığı imkan konkret siyasi davranışlarla möhkəmləndirilməlidir. Münasibətlərin dəyəri haqqında danışanlar həmin münasibətlərə zərər vuran çıxışlara da prinsipial yanaşmalıdırlar. Azərbaycan xalqından baş verənləri sadəcə unutmasını gözləmək düzgün olmaz. İctimai etimad hörmətin gündəlik davranışda görünməsi ilə bərpa olunur. Qardaşlıq böyük mənəvi sərvətdir. Onu qorumağın yolu vurulan yaranı görməzdən gəlməkdən deyil, həmin yaranın niyə açıldığını anlamaqdan və təkrarlanmasına imkan verməməkdən keçir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər