1960-1980-ci illərdə Almaniyaya gələn türklər... - Kansler
Türkiyədən gələn əmək miqrantları Almaniyanın sənaye potensialının formalaşmasında mühüm rol oynayıblar.
Axar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz işçi qüvvəsinin cəlb edilməsinə dair iki ölkə arasında imzalanmış sazişin 65 illiyi münasibətilə keçirilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, 1960-1980-ci illərdə almanlarla türklərin qarşılıqlı ünsiyyəti hər iki cəmiyyəti daha müasir, dünyaya açıq və tolerant edib. Türkiyədən gələn miqrantlar Almaniyanı mədəniyyət, iqtisadiyyat, elm və hətta kulinariya baxımından zənginləşdirib.
Kansler türk mənşəli insanların göstərilən səylərə baxmayaraq, bəzən hələ də yadelli kimi qəbul olunmasını tənqid edib:
“Yad olanlardan qorxmaq hər bir azad cəmiyyətin zəhəridir”.
Qeyd edək ki, Almaniya ilə Türkiyə arasında işçi qüvvəsinin cəlb edilməsinə dair saziş 1961-ci il oktyabrın 30-da imzalanıb. Almaniya iqtisadiyyatının artan işçi qüvvəsinə ehtiyacını qarşılamaq məqsədi daşıyan sazişin qüvvədə olduğu 12 il ərzində ölkəyə təxminən 900 min türk işçi gəlib. Başlanğıcda ikiillik qalma müddəti və işçilərin rotasiyası nəzərdə tutulsa da, sonradan onların bir çoxu Almaniyada məskunlaşıb. 1973-cü ildə isə iqtisadi tənəzzül və neft böhranı fonunda xaricdən işçi qüvvəsinin cəlb edilməsinə son qoyulub.