Siyasət

İran XİN sözçüsü vahid məktəbli geyimi ilə bağlı: "Azərbaycan xalqı yetkin və bəsirətli xalqdır"

20 Oct 2026, 18:51 4 baxış
İran XİN sözçüsü vahid məktəbli geyimi ilə bağlı: "Azərbaycan xalqı yetkin və bəsirətli xalqdır"
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi oktyabrın 20-də keçirdiyi həftəlik mətbuat konfransında Azərbaycanda hicabla bağlı tətbiq olanan qaydalara münasibət bildirib. Oxu.Az xəbər verir ki, o, Azərbaycan xalqının müsəlman inanclarının və etiqadlarının əhəmiyyətini vurğulayıb: "Azərbaycan xalqı yetkin və bəsirətli xalqdır. Öz inanc və etiqadlarını, o cümlədən həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların əhəmiyyət verdiyi hicab məsələsini qorumaqla bağlı onlar ölkələrinin mənafelərini nəzərə alaraq, öz səslərini hökumətə necə və ən yaxşı şəkildə çatdıracaqlarını özləri müəyyənləşdirirlər". İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: "Ümid edirik ki, yaxşı münasibətlərimizin olduğu və iki ölkə arasında qardaşlıq və dostluq bağlarının izahata ehtiyac duymadığı bu ölkədə məsələ qarşılıqlı anlaşma, ortaq dəyərlərin nəzərə alınması və xalqın əsas hüquqlarına hörmət əsasında həllini tapacaq". İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin Azərbaycanda hicabla bağlı məhdudiyyətlərə dair açıqlaması diplomatik yanaşma baxımından diqqət çəkir. Tehran məsələ ilə bağlı mövqeyini ifadə edərkən Azərbaycanın daxili qərarlarına birbaşa müdaxilə edən ritorikadan çəkinib, Azərbaycan xalqının öz seçimlərini müəyyənləşdirmək imkanına diplomatik yanaşıb. Bəqayinin fikirlərində diqqət çəkən məqam təkcə dini dəyərlərə verilən önəm deyil, həm də bu məsələnin qarşılıqlı anlaşma, ortaq dəyərlər və fundamental hüquqlara hörmət çərçivəsində həllinə çağırışdır. Bu, həssas mövzuların siyasi qarşıdurma predmetinə çevrilmədən müzakirə olunmasının mümkünlüyünü göstərir. Əslində, regionda münasibətlərin inkişafı üçün məhz belə yanaşmaya ehtiyac var. Türkiyə də Azərbaycanla münasibətlərində həssas məsələlərə daha erkən mərhələdən bu cür təmkinli və adekvat mövqe ilə yanaşsaydı, bəzi fikir ayrılıqlarının bugünkü gərginlik səviyyəsinə çatmasının qarşısını almaq mümkün ola bilərdi. Qeyd edilənlər Ankara ilə Bakı arasındakı münasibətlərin mürəkkəbliyini nəzərə almadan qəti nəticə çıxarmaq deyil, diplomatik üslubun siyasi proseslərə təsirini vurğulamaqdır. Dövlətlər arasında yaxınlıq və ortaq dəyərlər bütün məsələlərdə eyni mövqenin sərgilənməsini tələb etmir. Əksinə, həqiqi tərəfdaşlıq fərqli yanaşmaların qarşılıqlı hörmət çərçivəsində ifadə olunmasını və mübahisələrin təzyiq vasitəsilə deyil, dialoqla həllini nəzərdə tutur. Xüsusilə Azərbaycan kimi regional münasibətlərdə mühüm yer tutan ölkə ilə bağlı məsələlərdə siyasi bəyanatların tonu və məzmunu ayrıca diqqətə alınmalıdır. Dərin münasibətlər tərəfdaşın daxili seçimlərinə münasibətdə daha çox həssaslıq, məsuliyyət və təmkin tələb edir. Eyni zamanda, dini, mədəni və tarixi bağlar siyasi fikir ayrılıqlarını dərinləşdirmək üçün deyil, anlaşma imkanlarını genişləndirmək üçün istifadə olunmalıdır. Yəni, həssas məsələlərdə təmkinli dil seçmək, qarşı tərəfin qərarvermə hüququnu tanımaq və ortaq məqamları önə çəkmək mümkündür. Regionda digər aktorlar da bu prinsipləri əsas götürsəydilər, bir sıra siyasi gərginliklərin daha da dərinləşməsinin qarşısını almaq olardı. Nəticə etibarilə, diplomatiyanın gücü qarşılıqlı hörmətə əsaslanan yanaşma, dövlətlərin qərarlarına hörmət və müstəqil siyasətinə müdaxilə etməmək, sərt bəyanatlar və radikal addımlarla deyil, fikir ayrılıqlarını münasibətlərə zərər vurmadan idarə etmək bacarığıdır. Yaxın qonşular, müttəfiqlər və ələlxüsus qardaş ölkələr üçün bu yanaşma xüsusilə əhəmiyyətlidir. Aqil Vəlili
Mənbə oxu.az

Oxşar Xəbərlər