İdman

Sergen Yalçın Türkiyə millisindəki planlarını açıqladı

20 Oct 2026, 15:40 2 baxış
Sergen Yalçın Türkiyə millisindəki planlarını açıqladı
Türkiyə millisinin yeni baş məşqçisi Sergen Yalçınla dördillik müqavilə imzalanıb. Oxu.Az xəbər verir ki, bu barədə 53 yaşlı mütəxəssis özü açıqlamasında bildirib. O, müqavilənin əsas məqsədinin komandanı Avropa çempionatına və dünya çempionatına çıxarmaq olduğunu deyib. "Hamımız üçün, ölkəmiz üçün xeyirli olsun. Bu, çox mühüm vəzifədir. Son 2-3 gündə bu məsələ ilə bağlı ciddi inkişaflar oldu. Ay-ulduz hər şeydən, klub komandalarından da üstündür. Hər baş məşqçinin çalışmaq istədiyi yerdir. Mənim üçün böyük qürurdur. Yox demək imkanımız yox idi. Xalqımızın dəstəyi ilə uğurlu milli komanda yolu bizi gözləyir. Ölkənin baş məşqçisi olmaq tamam başqa hissdir. Uğurlu olmalı və yaxşı işlər görməliyik. Hazırda işlər istədiyimiz kimi getmir. Hər zaman hər şey yaxşı olmur", - deyə Sergen Yalçın bildirib. Mütəxəssis qapıçı Berke Özərin Türkiyə millisinə qayıdacağına da münasibət bildirib. O, futbolçu ilə danışacağını və problemin həllinin çətin olmayacağını söyləyib: "Berke Özərlə bağlı əvvəlki dövrlərdə bəzi problemlər olub, amma bunlar həll olunmayacaq məsələlər deyil. Onunla danışacağam. Əlbəttə, gələcək. Niyə gəlməsin ki? Problem yaranacağını düşünmürəm. Bunların hamısı bizim övladlarımızdır, gənc uşaqlardır. Üzr istənilməli bir vəziyyət varsa, üzr istəyər. Bunlar həll olunmayacaq problemlər deyil". Yalçın Türkiyə millisində hücumçu çatışmazlığı ilə bağlı müzakirələrə də toxunub. O, heyətlə bağlı qərarlarını öz prinsiplərinə uyğun verəcəyini bildirib: "Hücumçusuz oyun olar? Niyə də olmasın? Çoxlu hücumçu var. Kim deyir ki, yoxdur? İctimaiyyət hər şeyi deyir. Nəticəyə, ada, oyuna görə hamı danışır. Sevən də var, sevməyən də. Bunlar normaldır. Əsas odur ki, gecə yatanda vicdanın rahat olsun. Mənim vicdanım rahatdır, çünki ədalətliyəm. Heç kimə qarşı haqsızlıq etmirəm. Heç kimin dediyini etmərəm. Nə görürəmsə və necə işləməliyəmsə, elə də işləyəcəyəm". Sergen Yalçın dünya çempionatından sonrakı vəziyyətin ürəkaçan olmadığını bildirib. O, Türkiyə millisinin Millətlər Liqasında aşağı liqaya düşməməsi üçün Belçika ilə qarşılaşmanın əhəmiyyətini vurğulayıb. "Dünya çempionatından sonrakı vəziyyət pisdir. Bir qələbə ilə ən yaxşı sonuncu olub aşağı liqaya düşməmək üçün pley-off oynaya bilərik. Qətiyyən aşağı liqaya düşməməliyik. Belçika ilə oyunu qazanmalıyıq. Planımız Avropa çempionatı və dünya çempionatıdır. Müqavilə bağlayarkən bunları nəzərə aldıq. Bu müddət ərzində burada qalmalıyıq. Bəzi dəyişikliklərimiz və fərqli seçimlərimiz olacaq. Bunlar tamamilə normaldır. Çox ciddi bir işə başlayırıq. Heç kim narahat olmasın, bunun üzərində çox çalışacağıq. Qrupda iki oyunumuz qalıb və vəziyyətimiz yaxşı deyil. Amma Belçika ilə matça fərqli hazırlaşacağıq". Xatırladaq ki, Sergen Yalçının son iş yeri "Beşiktaş" klubu olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər