Dünya
Cənubi Koreyada 16 qadına təcavüz edən təriqət rəhbərinə 50 il həbs cəzası verildi - Foto
Cənubi Koreyada "Xristian Evangelist Missiyası" təriqətinin 81 yaşlı lideri Çon Myon Sok ardıcıllarına qarşı cinsi zorakılığa görə ümumilikdə 50 il həbs cəzasına məhkum edilib. Oxu.Az xəbər verir ki, bu barədə "The Korea Herald" nəşri yazıb. Qeyd olunur ki, Tecon şəhərinin dairə məhkəməsi dini nüfuzundan istifadə edərək 16 nəfərə qarşı cinsi zorakılıq törətdiyinə görə Çon Myon Soku 33 il müddətinə azadlıqdan məhrum edib. Bu müddət onun oxşar cinayətlərə görə artıq çəkdiyi 17 illik həbs cəzasına əlavə olunacaq. Prokurorluq təriqət liderini qurbanlarını manipulyasiya etməkdə ittiham edib. O, qadınları özünün "Cənubi koreyalı məsih" olduğuna inandırıb və nəticədə qadınlar onun seksual təqiblərinə müqavimət göstərə bilməyiblər. Çon Myon Sok daha əvvəl 2025-ci ilin yanvarında Honkonqdan olan qadına təcavüz etdiyinə, eləcə də avstraliyalı və koreyalı qadınlara qarşı seksual qısnama törətdiyinə görə məhkum edilib. 2008-2018-ci illərdə o, 20 yaşlarında olan dörd nəfərə qarşı cinsi zorakılığa görə artıq 10 il həbsdə yatıb.
Mənbə
oxu.az