Kriminal
Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi
Rüşvət almaqda və dələduzluq etməkdə təqsirləndirilən Şəki Şəhər İcra Hakimiyyətinin sabiq şöbə müdiri Tural Məmmədovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, T.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, zərərçəkmişlərin məhkəməyə təqdim etdikləri mülki iddialar təmin edilib və təqsirləndirilən şəxsin üzərinə dəymiş ziyanı ödəmək öhdəliyi qoyulub. İttihama görə, Tural Məmmədov Şəki Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində işlədiyi dövrdə şəhid ailələrini və müharibə iştirakçılarını çoxmənzilli yaşayış binasından mənzillə təmin olunmalarına kömək edəcəyinə, həmçinin müharibə iştirakçılarının ailə üzvlərini iş üçün texniki avadanlıqlarla təmin etdirəcəyinə inandıraraq onlardan müxtəlif məbləğlərdə pul alıb və dələduzluq edib. O, eyni zamanda, şəhid ailələrini və müharibə iştirakçılarını avtomobillə təmin olunmalarına kömək edəcəyinə dair vədlər verərək aldadıb və külli miqdarda rüşvət almaqda təqsirləndirilib. Tural Məmmədova Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (dələduzluğun qulluq mövqeyindən istifadə etməklə törədilməsi), 178.2.4-cü (dələduzluğun xeyli miqdarda ziyan vurmaqla törədilməsi), 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
Mənbə
oxu.az