Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayır
Avropa ölkələri "Starlink" peyk rabitəsi sisteminin Ukraynada fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdən sonra ona alternativlərin hazırlanmasını aktivləşdiriblər.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, "Starlink" terminallarının iş sürətinin məhdudlaşdırılması Avropa dövlətlərinə peyk rabitəsi sahəsində ABŞ-ın qərarlarından asılı olduqlarını nümayiş etdirib:
“Vaşinqton mövcud razılaşmalardan və müqavilələrdən asılı olmayaraq sistemin işini məhdudlaşdırmaq imkanına malikdir, bu da həmin texnologiyadan istifadə edən ölkələrin təhlükəsizliyi üçün risklər yaradır. Bütün Avropa gördü ki, razılaşmalardan və müqavilələrdən asılı olmayaraq, "Starlink"in sürətini ABŞ-dən tənzimləmək, məhdudlaşdırmaq mümkündür”.
Ukrayna prezidenti vurğulayıb ki, Avropa dövlətləri artıq "Starlink"in öz analoqlarının yaradılması üzərində işləyirlər, lakin bu işlərdə məhz hansı ölkələrin iştirak etdiyini və layihələrin hansı mərhələdə olduğunu dəqiqləşdirməyib.