İdman
Kassanodan Kriştianu Ronaldunun ünvanına sərt sözlər: "O, Ronaldonun yarısıdır"
"Real Madrid" klubunun keçmiş hücumçusu Antonio Kassano Ronaldo Nazarioya Kriştianu Ronaldudan daha güclü forvard kimi qiymət verib. Oxu.Az xəbər verir ki, İtaliya futbolunun tanınmış siması bu barədə "AS" nəşrinə müsahibəsində danışıb. "Mənə Ronaldo Nazario ilə eyni komandada oynamaq nəsib olub. Mən onun kimi ikinci bir mərkəz hücumçusu görməmişəm. O, həqiqətən də fenomenal və unikal idi. Karyerası ərzində zədələr yaşamasaydı, ağlasığmaz zirvələrə çata bilərdi. Əsl Ronaldo o idi, Kriştianu isə fenomen olan Ronaldonun sadəcə yarısı qədərdir", - deyə Kassano vurğulayıb. Qeyd edək ki, Ronaldo Nazario "Real Madrid"in heyətində bütün turnirlərdə 177 oyuna çıxaraq 104 qol vurub və 34 məhsuldar ötürmə edib. Kriştianu Ronaldu isə Madrid təmsilçisinin formasını geyindiyi 438 matçda 450 qol vurub və 131 məhsuldar ötürmə verib.
Mənbə
oxu.az