İqtisadiyyat
Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri ilkin proqnozla müqayisədə 20 milyon manat artırılıb. Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin növbəti dörd il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində məlumat verilib. Sənədə əsasən, gələn il dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat olacağı gözlənilir. Bu, 2026-cı il üçün təsdiq edilmiş proqnozla müqayisədə 1.7 % çoxdur. Büdcə xərclərinin isə ilkin variantda olduğu kimi, 42 milyard 400 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu göstərici də 2026-cı ilin təsdiq edilmiş proqnozundan 1.7 % çoxdur. Nəticədə dövlət büdcəsində 3 milyard 146 milyon manat kəsir yaranacağı gözlənilir. Bu, illik müqayisədə 1.7 % artım deməkdir. 2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin ilkin proqnozla müqayisədə 10.4 milyon manat artaraq 47 milyard 619.2 milyon manata çatacağı, xərclərinin isə 9,6 milyon manat azalaraq 50 milyard 377.1 milyon manat olacağı proqnozlaşdırılır. Bu göstəricilər 2026-cı ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5.9 % və 3.1 % çoxdur. Beləliklə, 2027-ci ildə icmal büdcədə 2 milyard 757.9 milyon manat kəsir yaranacağı gözlənilir. Bu, 2026-cı illə müqayisədə 28.7 % azdır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər