İdman
"Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətlə üzləşib
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Borussiya Dortmund" sıx qrafikdə uzun səfər oyunları ilə qarşı-qarşıya qalıb. Oxu.Az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Dortmund təmsilçisinin səfər proqramı oktyabrın 14-də Norveçdə "Budyo Qlimt"lə qarşılaşma ilə başlayıb. Niko Kovaçın rəhbərlik etdiyi komanda həmin oyunda 0:1 hesabı ilə məğlub olub. Almaniya klubu oktyabrın 17-də Bundesliqada "Union Berlin"in qonağı olacaq. Bundan sonra Dortmund təmsilçisi UEFA Çempionlar Liqasının əsas mərhələsinin növbəti turunda "Sabah"la qarşılaşmaq üçün Bakıya yollanacaq. Klubun məlumatına görə, komanda altı gün ərzində ümumilikdə 11 min kilometrdən çox məsafə qət etməli olacaq. Kovaç Norveçdəki matçdan əvvəl sıx qrafik və səfərlərin təsirini nəzərə alaraq heyətdə rotasiyaya getdiklərini bildirib. "Dünyada heç bir komanda belə səfər yükünün öhdəsindən eyni 11 futbolçu ilə gələ bilməz. Buna görə heyətdə dəyişikliklər etdik", - deyə baş məşqçi DAZN-a açıqlamasında vurğulayıb. Qeyd edək ki, "Sabah" - "Borussiya Dortmund" matçı oktyabrın 20-də saat 20:45-də keçiriləcək.
Mənbə
oxu.az