Dünya
NASA "Artemis II" Ay missiyasının məlumatını məxfilikdən çıxarıb
Ay ətrafında tarixi uçuş zamanı çəkilmiş 800 giqabaytdan çox fotoşəkil, audioyazı və yazılı qeydlər geniş ictimaiyyətə təqdim edilib. Baltimordakı Merilend Universitetinin əməkdaşları Los-Ancelesdəki Kaliforniya Universitetinin həmkarları ilə birlikdə yeni məlumatlar toplusunu ətraflı təhlil ediblər. Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub. "Artemis II" missiyasının heyəti dərin kosmosda 10 gün keçirib. Bu müddət ərzində "Orion" pilotlu kosmik gəmisi Yerdən rekord məsafəyə - 406 771 kilometr uzaqlaşıb. Dörd astronavt son yarım əsrdə Ayı bu qədər yaxın məsafədən görən ilk insanlar olublar. Altı saat davam edən uçuş zamanı onlar unikal elmi məlumatlar toplayıb, Ay səthindəki qeyri-adi rəng çalarlarını diqqətlə qeydə alıblar. Tədqiqatçılar Ay səthində üstünlük təşkil edən rənglər arasında qəhvəyi, bej və yaşıl çalarları qeyd ediblər. Səthin bəzi hissələrində çörəyin üzərində yaranan kifə bənzər teksturalar da astronavtların diqqətini çəkib. Onlar optik anomaliyalarla yanaşı, mikrometeoritlərin Ay səthi ilə toqquşması zamanı yaranan parlaq işıq parıltılarını da müntəzəm olaraq müşahidə ediblər. Uçuş 2026-cı ilin aprelində baş tutub. Missiyanın əsas məqsədi "Orion" kosmik gəmisinin açıq kosmos şəraitində etibarlılığını yoxlamaq olub. Əldə edilən məlumatlar Ay səthində vizual istiqamətlənmənin son dərəcə mürəkkəb olduğunu göstərib. Birbaşa günəş işığı müntəzəm olaraq astronavtların gözünü qamaşdırıb, işıqlanma bucağının dəyişməsi isə kraterlərin dərinliyinin qavranılmasını xeyli çətinləşdirib. Belə optik illüziyalar Ayın qütb bölgələrinə pilotlu eniş zamanı ölümcül nəticələrə səbəb ola bilər.
Mənbə
oxu.az