Dünya
Macarıstanda LGBT təbliğatı ilə bağlı qadağa ləğv edildi
Macarıstan parlamenti uşaqların müdafiəsi haqqında yeni qanun qəbul edib. Yeni sənəddən Viktor Orbanın hakimiyyəti dövründə qəbul edilmiş, yetkinlik yaşına çatmayanlar arasında LGBT mövzusunun və cinsiyyətin dəyişdirilməsinin təbliğatına qoyulan qadağalar çıxarılıb. Oxu.Az RİA Novosti agentliyinə istinadən xəbər verir. Yetkinlik yaşına çatmayanlara homoseksuallıq və cinsiyyətin dəyişdirilməsi ilə bağlı materialların nümayişini qadağan edən qanun Macarıstanda 2021-ci ilin iyun ayının ortalarında qəbul edilmişdi. Həmin qanun Avropa İttifaqının kəskin tənqidinə səbəb olmuş, Avropa Komissiyası LGBT icmasının hüquqlarının pozulması iddiası ilə Macarıstanı məhkəməyə verməklə hədələmişdi. "Fides", Xristian-Demokrat Xalq Partiyası və müxalifətdəki "Bizim Vətən" partiyasının nümayəndələri yeni qanunu dəstəkləməyiblər. Baş nazir Peter Madyar müxalifəti bu mövqeyinə görə tənqid edib. Müxalifət qanunun əleyhinə səs verməsini belə əsaslandırıb: onların fikrincə, uşaqların müdafiəsi adı altında hakim partiya Brüsselin təsiri ilə məktəblərdə homoseksuallığın və cinsiyyətin dəyişdirilməsinin təbliğinə yönələn dərslərin keçirilməsinə yenidən şərait yaradır. Hakim "Tisa" partiyası isə bildirir ki, qanun, ilk növbədə, uşaq pornoqrafiyasının yayılmasına görə cəzaların sərtləşdirilməsinə, uşaqların seksual məzmunlu materiallardan qorunmasına, media və reklamlarla bağlı yaş məhdudiyyətlərinin sərtləşdirilməsinə, eləcə də tibbi zərurət olmadan xəstəxanalarda qalan uşaqlarla bağlı qərarların qəbulu qaydalarının tənzimlənməsinə yönəlib.
Mənbə
oxu.az