Dünya
Fransada məktəb direktoruna silahlı hücum: 14 yaşlı yeniyetmə saxlanılıb
Fransanın cənub-şərqində məktəb direktoru ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. Hadisə Oban şəhərində qeydə alınıb. Mənbənin məlumatına görə, Jozef-Lakanal kollecinin direktoru ov tüfəngi ilə vurulub. Bildirilir ki, hadisə zamanı, həmçinin 37 yaşlı qadın müəllim də xəsarət alıb. Baş vermiş hadisə ilə əlaqədar 14 yaşlı yeniyetmə saxlanılıb. Mətbuat onun sözügedən təhsil müəssisəsinin şagirdi olub-olmadığını dəqiqləşdirmir. BFMTV-nin məlumatına əsasən, atəş açan şəxsin son həftələrdə ölkəni bürüyən etiraz hərəkatı ilə heç bir əlaqəsi yoxdur. Qeyd edək ki, Fransada təhsil sahəsindəki problemlərə görə kütləvi aksiyalar keçirilir. Son məlumatlara görə, ölkədə 6 min 800-dən çox insan saxlanılıb ki, onların da əksəriyyəti yetkinlik yaşına çatmayanlardır. Nümayişçilər məktəbləri yandırır və təhsil müəssisələrində iğtişaşlar törədirlər. Nor-Pa-de-Kale departamentinin Oşel şəhərində yerləşən Derüjye peşə liseyinin direktoru da petarda partlaması nəticəsində əlindən xəsarət alıb. İğtişaşlar zamanı təhsil müəssisələrinin 100-dən çox əməkdaşı zərər çəkib.
Mənbə
oxu.az