Cəmiyyət

Vahid məktəbli forması ətrafında yaradılan məqsədli təxribat: Prosesin pərdəarxası - Foto/Video

12 Oct 2026, 15:00 2 baxış
Vahid məktəbli forması ətrafında yaradılan məqsədli təxribat: Prosesin pərdəarxası - Foto/Video
Son günlər məktəblilərin geyim qaydaları ilə bağlı müzakirələrdə vahid məktəbli formasının tətbiqi ilə dini inancların məhdudlaşdırılması məsələləri bəzən eyni kontekstdə təqdim olunur. Halbuki dövlət ümumi təhsil müəssisələrində vahid geyim formasının tətbiqini hicaba və ya İslam dininə qarşı münasibət kimi qiymətləndirmək məsələnin mahiyyətini düzgün əks etdirmir. Burada əsas məqsəd dini inanclara müdaxilə deyil, məktəb mühitində ümumi geyim standartlarının müəyyənləşdirilməsi, şagirdlər arasında bərabərliyin qorunması və təhsil prosesinin vahid qaydalar əsasında təşkil edilməsidir. Azərbaycan cəmiyyətində İslam dini və dini dəyərlər mühüm yer tutur. Ölkə ərazisində 2389 məscid var və burada eyni anda 600 mindən çox insan ibadət edə bilir. Ölkənin xarici siyasətində də İslam həmrəyliyinin təşviqi, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, islamofobiya, dini radikalizm və ekstremizmə qarşı mübarizə mühüm yer tutur. Təkcə onu qeyd etmək lazımdır ki, dünyanın ən böyük tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri Konfransının Bakıda keçirilən 29-cu sessiyasında (COP29) "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilib. Tədbirdə dünyanın 300-ə yaxın tanınmış dini lideri və müxtəlif ölkələrdən nümayəndələr iştirak ediblər. Sammitin əsas mövzusu iqlim dəyişmələri və ekoloji problemlərin həllində dini liderlərin və dini icmaların rolu olub. Yekunda Bakı Bəyannaməsi, COP29 iştirakçılarına müraciət və digər sənədlər qəbul olunub. Həmçinin 2024-cü il 17 dekabr tarixində Mərakeş Krallığının paytaxtı Rabat şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, ICESCO və Azərbaycanın Mərakeş Krallığındakı Səfirliyinin birgə təşkilatçılığı ilə "Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirin əsas məqsədi Azərbaycanın tarixən formalaşmış dini tolerantlıq və multikulturalizm ənənələrinin beynəlxalq səviyyədə təşviqi, dinc birgəyaşayış və qarşılıqlı hörmət prinsiplərinin möhkəmləndirilməsi, habelə dini dözümsüzlüyün qarşısının alınması istiqamətində qabaqcıl təcrübələrin bölüşdürülməsi olub. Bunun kimi onlarla tədbiri qeyd edə bilərik.
Son günlər baş verən proseslər fonunda məsələnin "hicab qadağan olunur kimi" qələmə verilməsi xaricdən idarə olunan müxtəlif güc mərkəzlərinin maraqlarına xidmət edir. Hicabdan istifadə ölkənin ictimai həyatında geniş yayılmış və adi qarşılanan hallardandır. Qadınların ictimai məkanlarda hicab taxması, dini inanclarını ifadə etməsi və öz dini seçimlərinə uyğun yaşaması ilə dövlət məktəblərində şagirdlər üçün müəyyən edilmiş geyim qaydaları fərqli hüquqi məsələlərdir. Bu iki mövzunu eyniləşdirmək və məktəbli formasına dair tələbləri dini inanclara qarşı ümumi qadağa kimi təqdim etmək düzgün yanaşma deyil. Azərbaycan Respublikasının Konstitusiyası həm dövlətin dünyəvi xarakterini, həm də vətəndaşların vicdan azadlığını təmin edir. Konstitusiyanın 18-ci maddəsinin üçüncü hissəsində dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığı göstərilir. 48-ci maddə isə hər kəsin vicdan azadlığını təmin edir. Bundan əlavə, Konstitusiyanın 25-ci maddəsi insanların hüquq və azadlıqlarının bərabərliyini təsbit edir. Bu müddəalar dövlətin təhsil siyasətində dünyəvilik prinsipinə riayət etməklə yanaşı, insanların dini inanclarına hörmət göstərilməsinin də əhəmiyyətini ortaya qoyur. Dünyəvilik dinin cəmiyyətdən kənarlaşdırılması və ya insanların dini inanclarından imtina etməsi demək deyil. Bu prinsip dövlət təhsilinin dini deyil, dünyəvi əsaslarla təşkil edilməsini nəzərdə tutur. Başqa sözlə, dövlət məktəbinin fəaliyyəti ümumi təhsil standartlarına, müəyyən edilmiş tədris proqramlarına və qanunvericiliklə tənzimlənən təşkilati qaydalara əsaslanır. Dini etiqad azadlığı ilə məktəbin fəaliyyət qaydaları arasındakı münasibət də məhz bu hüquqi çərçivədə qiymətləndirilməlidir.

Vahid məktəbli formasının tətbiqi isə təhsil müəssisələrində ümumi standartların yaradılmasının əsas vasitələrindən biridir. Məktəbli forması şagirdlərin hansı sosial və iqtisadi şəraitdə yaşamasından asılı olmayaraq, onların eyni təhsil mühitində bir araya gəlməsinə kömək edir. Uşaqların geyimlərinin qiymətinə, markasına və ailələrinin maddi imkanlarına görə fərqləndirilməsinin azaldılması baxımından da vahid forma əhəmiyyət daşıyır. Bu yanaşma məktəbdə diqqətin şagirdlərin xarici görünüşünə deyil, onların biliklərinə, bacarıqlarına və tədris prosesində iştirakına yönəlməsinə şərait yaradır. Müasir məktəbdə geyim standartlarının müəyyənləşdirilməsi yalnız zahiri görünüş məsələsi deyil. Məktəb uşaqların intizam, məsuliyyət, qarşılıqlı hörmət və kollektivə aidlik hissi qazandıqları sosial mühitdir. Vahid forma şagirdlərə ümumi məktəb qaydalarının bir hissəsi olduqlarını göstərir, təhsil müəssisəsinin təşkilati nizamını gücləndirir və məktəb mühitində müəyyən edilmiş standartların formalaşmasına xidmət edir. Bu səbəbdən geyim qaydalarının aydın olması, bütün şagirdlərə eyni prinsiplərlə tətbiq edilməsi və valideynlərə əvvəlcədən izah olunması vacibdir. Əlbəttə, vahid formanın tətbiqi bütün şagirdlərin eyni düşüncəyə və ya eyni şəxsi inanclara sahib olması anlamına gəlmir. Məktəbin vəzifəsi uşaqların fərdi xüsusiyyətlərini aradan qaldırmaq deyil, onların müxtəlifliyinə hörmət göstərməklə yanaşı, ümumi təhsil mühitinin fəaliyyətini təşkil etməkdir. Şagirdlərin ailə tərbiyəsi, dünyagörüşü, şəxsi seçimləri və dini inancları fərqli ola bilər. Lakin bu fərqliliklər məktəbin müəyyən edilmiş ümumi qaydalarının mövcudluğunu aradan qaldırmır. Əsas məsələ həmin qaydaların hüquqi əsaslara söykənməsi, aydın olması və ayrı-seçkiliyə yol verilmədən tətbiq edilməsidir. Məktəbli forması ilə bağlı müzakirələrdə hicab məsələsinin xüsusi olaraq ön plana çəkilməsi də mövzunun hüquqi mahiyyətini kölgədə qoya bilər. Hicab bir çox qadın üçün dini inancın ifadəsidir və bu seçimə hörmətlə yanaşılmalıdır. Eyni qaydada, vahid məktəbli formasının tətbiqini də avtomatik olaraq dini inanclara qarşı addım kimi təqdim etmək doğru deyil. Müzakirə konkret normativ tələblər, onların məqsədi və tətbiq dairəsi əsasında aparılmalıdır. Burada hüquqi dəqiqlik də xüsusi əhəmiyyət daşıyır. Şagirdlər üçün müəyyən edilmiş geyim forması ilə bağlı qaydalar və onların konkret tələbləri qüvvədə olan normativ sənədlərdən irəli gəlir. Hər hansı geyim elementinin bu tələblərə uyğunluğu qiymətləndirilərkən müvafiq qaydanın tam mətninə, tətbiq dairəsinə və hüquqi əsaslarına istinad edilməlidir. Eyni zamanda, dini etiqad azadlığının Konstitusiyada təsbit olunması da nəzərə alınmalıdır. Ümumi geyim standartının mövcudluğundan bütün dini geyimlərin qadağan edildiyi nəticəsini çıxarmaq olmaz. Hər hansı məhdudiyyət iddiası konkret hüquqi norma ilə əsaslandırılmalıdır. Məktəbli formasının tətbiqi ilə bağlı məsələyə yalnız dini geyim müstəvisindən yanaşmaq vahid standartın təhsil sistemindəki rolunun lazımi səviyyədə qiymətləndirilməməsinə gətirib çıxara bilər. Halbuki bu yanaşmanın əsas məqsədləri məktəb mühitində bərabərliyi gücləndirmək, sosial fərqlərin təsirini azaltmaq, nizam-intizamı qorumaq və şagirdlər üçün ortaq təhsil mühiti yaratmaqdır. Bu məqsədlər dini inancların müzakirə mövzusuna çevrilməsini deyil, təhsil müəssisələrində ümumi qaydaların aydın və ədalətli şəkildə tətbiqini tələb edir. Dövlət məktəblərində vahid məktəbli formasının tətbiqi təhsil prosesinin təşkili, şagirdlər arasında bərabərliyin qorunması və ümumi standartların formalaşdırılması baxımından vacibdir. Bu siyasət dini inanclara münasibətlə qarışdırılmamalıdır. Azərbaycanın hüquqi sistemi bir tərəfdən dünyəvi təhsil prinsipini, digər tərəfdən isə vicdan azadlığını və bərabərlik hüququnu tanıyır. Bu prinsiplərin qorunması vahid məktəbli formasının hüquqi çərçivədə, ardıcıl və ayrı-seçkilikdən uzaq şəkildə tətbiq edilməsini, bütün müzakirələrin isə uşaqların təhsil hüququ və məktəbin əsas missiyası ətrafında aparılmasını tələb edir. Vahid məktəbli forması ətrafında süni şəkildə qarşıdurma yaradılması Azərbaycanı qarışdırmaq, cəmiyyətdə fikir ayrılıqlarını dərinləşdirmək istəyən və xarici xidmət orqanlarının, eləcə də ayrı-ayrı ölkələrin maraqlarına xidmət edən qüvvələrin fəaliyyətinin tərkib hissəsidir. Məqsəd dini inancları bəhanə edərək insanları qarşı-qarşıya qoymaq, cəmiyyətdə gərginlik yaratmaqdır. Lakin Azərbaycan cəmiyyəti hər zaman olduğu kimi, bu cür təxribatlara uymayacaq, milli həmrəyliyini qoruyacaq və vahid mövqedən çıxış edəcək. Aqil Vəlili
Vahid məktəbli forması ətrafında yaradılan məqsədli təxribat: Prosesin pərdəarxası - Foto/Video Vahid məktəbli forması ətrafında yaradılan məqsədli təxribat: Prosesin pərdəarxası - Foto/Video Vahid məktəbli forması ətrafında yaradılan məqsədli təxribat: Prosesin pərdəarxası - Foto/Video
Mənbə oxu.az

Oxşar Xəbərlər