Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil... - Video
Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil.
Axar.az Oxu.az-a istiandla xəbər verir ki, bu sözləri Rəşid Behbudovun kürəkəni Speys TV-nin keçmiş icraçı direktoru Kamil Şahverdiyev "Astar" Yutub kanalına müsahibəsində deyib.
O bildirib ki, Rəşid Behbudovun müəlliflik hüquqları saxta sənədlərlə mənimsənilib, daha sonra müxtəlif ölkələrdə satılıb:
"Türkiyədə hansısa işbazlar bizim yerli işbazlarla hörümçək toru kimi bir plan quraraq onun müəlliflik hüquqlarını saxta sənədlərlə mənimsəyiblər. Daha sonra Türkiyədən İngiltərəyə, İngiltərədən ABŞ-a, oradan da Yunanıstana satılıb. Təsəvvür edin ki, bu, çox biabırçı bir vəziyyətdir. Amma biz artıq bu məsələnin axırına çıxırıq".
Müəlliflik hüquqlarının hansı dövrdə ələ keçirildiyi ilə bağlı suala cavab verən Şahverdiyev 2019-cu ildə Rəşid Behbudovun Yutub kanalını yaratdıqlarını xatırladıb.
Onun sözlərinə görə, kanal qısa müddətdə sürətlə inkişaf edib, altı ay ərzində 50 min abunəçi toplayıb, baxış sayı isə 300 milyonu ötüb. Lakin bir müddət sonra müxtəlif ölkələrdən müəlliflik hüquqlarının pozulması ilə bağlı şikayətlər daxil olub və kanalın fəaliyyəti dayandırılıb:
"Nəhayət, biz AzTV-dən bütün sənədləri aldıq, yəni AzTV ilə müqavilə imzalandı. AzTV bütün şirkətlərə rəsmi məktub göndərdi. Onlardan bəziləri iddialarını geri çəkdilər. Sonra biz Müəllif Hüquqları Agentliyindən bu hüquqların Rəşidə xanıma (Rəşid Behbudovun qızı) aid olduğunu təsdiqləyən sənəd aldıq. Ən sonda da bu yaxınlarda notarial qaydada müəllif hüquqları haqqında şəhadətnamə aldıq. Buna qədər bu sənədlər yox idi və onları almaq da çox çətin idi".