Dünya

Tailand kraliçası qırıcı təyyarədə təkbaşına uçuş həyata keçirdi - Foto/Video

09 Oct 2026, 10:30 2 baxış
Tailand kraliçası qırıcı təyyarədə təkbaşına uçuş həyata keçirdi - Foto/Video
Tailandın kraliçası Suthida Vaçiralonqkorn ilk dəfə olaraq təkyerli "JAS 39C Gripen" qırıcı təyyarəsi ilə müstəqil şəkildə uçuş həyata keçirib. Bu uçuş Suratthani əyalətində yerləşən "Wing 7" Hərbi Hava Qüvvələri bazasında baş tutub. Oxu.Az xəbər verir ki, bu barədə "The Nation Thailand" nəşri məlumat yayıb.

Uçuşdan əvvəl təlimatlandırılan kraliça təyyarənin uçuşaqədərki yoxlanışını şəxsən aparıb və hava gəmisini zolağa çıxarıb. O, təkyerli "JAS 39C" qırıcısının kabinəsində yalnız özü olub. Qalxma və eniş prosesini isə onun həyat yoldaşı - kral Maha Vaçiralonqkorn izləyib. Uçuş uğurla başa çatdıqdan sonra monarx həyat yoldaşını gül dəstəsi ilə qarşılayıb və ona "Gripen Order Golden Patch" qızıl nişanını təqdim edib. Bu nişan "Gripen" ailəsinə məxsus qırıcılarda uçan pilotlara verilir. Məlumata görə, Suthida Tailandda "Gripen" qırıcısını idarə edən ilk qadın pilot kimi tarixə düşüb. Kraliça müstəqil uçuşa Tailand Hərbi Hava Qüvvələrinin xüsusi proqramı əsasında hazırlaşıb: o, əvvəlcə trenajorda məşq edib, daha sonra təlimatçı ilə birlikdə ikiyerli "JAS 39D" təyyarəsində uçub. Kraliçanın bu modifikasiya üzrə səmada keçirdiyi vaxt 10 saat 13 dəqiqə təşkil edib. Suthidanın müxtəlif növ təyyarələrdə ümumi uçuş müddəti 1 188 saatdan çoxdur. Onun təcrübəsinə "Cessna T-41", "CT-4E", "Pilatus PC-9", "Piper PA-34 Seneca", eləcə də "Boeing 737-400" və "737-800" təyyarələri daxildir. Bundan əvvəl kraliça dəfələrlə həyat yoldaşı ilə birlikdə ikinci pilot vəzifəsini icra edib. 2025-ci ildə Butana dövlət səfəri zamanı təyyarəni kral idarə edib, Suthida isə mürəkkəb qalxma və eniş şərtləri ilə tanınan Paro hava limanına uçuş zamanı ikinci pilot olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər