İdman
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Oxu.Az xəbər verir ki, bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-cü ilin noyabrında başladığı hüquqi mübarizənin nəhayət gözlənilən nəticə ilə yekunlaşdığını bildirib. İkardinin sözlərinə görə, məhkəmə Vanda Naranın aylıq 250 000 avro məbləğində aliment ödənilməsi tələbini rədd edib. Hakim Naranın özünü təmin etmək üçün kifayət qədər gəlirə və mülkiyyətə sahib olduğunu vurğulayıb. Bundan əlavə, Naranın nikah səbəbindən şəxsi karyerasını qurban verməsi barədə iddiaları təsdiqini tapmayıb. Bu əsasla tələb olunan kompensasiya xarakterli təzminat ödənişi də təmin edilməyib. Məhkəmə həmçinin məhkəmə xərclərinin üçdəiki hissəsinin İkardiyə ödənilməsi barədə qərar çıxarıb. Aktivlərin və daşınmaz əmlakların təkrar onun mülkiyyətinə qaytarılması və ötürülmənin ləğv edilməsi ilə bağlı Milanda ayrı bir məhkəmə prosesinin davam etdiyini bildirən ulduz futbolçu bu işin hələ tam yekunlaşmadığını qeyd edib. Bu qərarı həyatında yeni bir mərhələ kimi dəyərləndirən futbolçu paylaşımını bu sözlərlə yekunlaşdırıb: "Bu gün mən bu qərarı və yeni bir eranın başlanğıcını qeyd edirəm. Qədəh qaldırmaq üçün əsas var". Qeyd edək ki, 33 yaşlı argentinalı forvard "Qalatasaray"dan ayrıldıqdan sonra hələ də heç bir klubla razılığa gəlməyib. Mauro İkardi "Qalatasaray"ın heyətində ümumilikdə 134 rəsmi matça çıxıb, bu oyunlarda 77 qol vurub və 25 məhsuldar ötürmə müəllifi olub.
Mənbə
oxu.az