Dünya
Tramp: "Qoy San-Dieqoya və ya Los-Ancelesə raket zərbəsi endirsinlər"
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasındakı münaqişə səbəbindən onun administrasiyasının San-Dieqo və Los-Ancelesin məhv edilməsinə icazə verməyəcəyinə əmin edib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Tramp Texasda öz tərəfdarları qarşısında çıxış edərkən bildirib. "Mən bu yaxınlarda artıq demişəm: qoy onlar (İran) San-Dieqoya və ya Los-Ancelesə raket zərbəsi endirsinlər. Qoy endirsinlər. Siz kabus istəyirsiniz? Problem istəyirsiniz? Qoy San-Dieqonu, Los-Ancelesi vursunlar. Amma biz buna imkan verməyəcəyik. Biz şəhərlərimizi qoruyuruq, biz ölkəmizi müdafiə edirik", - deyə o qeyd edib. Xatırladaq ki, Tramp daha əvvəl bu iki şəhərin dağıdılması ehtimalını bəyan etmişdi. Eyni zamanda, o, bu sözlərini ətraflı izah etməyib. Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çun daha sonra bildirib ki, Tramp nüvə proqramı ilə bağlı İrana qarşı hərbi əməliyyata başlamayacağı təqdirdə ABŞ şəhərləri üçün yaranacaq potensial təhlükəni nəzərdə tuturmuş. ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ, xüsusilə Hörmüz boğazı ilə bağlı əldə edilmiş razılaşmaların şərtlərinin pozulmasında ittiham edərək, İrana qarşı genişmiqyaslı hücumları bərpa edib. Bu boğaz vasitəsilə dünya neft ticarəti həcminin təxminən 25%-i və mayeləşdirilmiş təbii qazın təxminən 20%-i daşınır. Daha sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi qüvvələrin tətbiqinə faktiki olaraq son qoyulduğunu və onun sanksiyalar vasitəsilə iqtisadi cəhətdən boğulması cəhdlərinə keçdiyini bəyan edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər