Cəmiyyət
Gənclər üçün yeni imkan: Bakıda "Avropada Təhsil" sərgisi keçiriləcək - Foto
Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycan Nümayəndəliyi "Avropada Təhsil" sərgisi ilə bağlı brifinq keçirib. Oxu.Az xəbər verir ki, nümayəndəliyin rəhbəri, səfir Mariyana Kuyundziç çıxış edərək bildirib ki, 60-dan çox ölkənin universiteti və təhsil agentlikləri Bakıdakı sərgidə iştirak edəcəklər. Xanım diplomat bildirib ki, Aİ 2008-ci ildən Azərbaycanın təhsil sərgisini dəstəkləyir: "O vaxtdan bəri biz 29 layihə həyata keçirmişik. Avropada təhsil almağa gedən minlərlə azərbaycanlı tələbə bunu "Erasmus+" və digər mübadilə proqramları çərçivəsində edib. "Avropada Təhsil" Sərgisində 16 ölkənin 60-dan çox universitet və təhsil agentlikləri iştirak edəcək. Avropada təhsil azərbaycanlı gənclər üçün yeni bilik və bacarıqlar əldə etmək, fərqli mədəniyyətləri kəşf etmək və beynəlxalq əlaqələr qurmaq baxımından mühüm imkan yaradır". Litvanın Bakıdakı səfiri Kestutis Vaşkeleviçius isə bildirib ki, hazırda Litvada 400 azərbaycanlı təhsil alır: "Biz universitet əməkdaşlığı, hökumətlə qarşılıqlı əlaqə, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi vasitəsilə Azərbaycanla bölüşmək istərdik". Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma isə vurğulayıb ki, onun ölkəsində təxminən 800 Azərbaycan tələbəsi təhsil alır. Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya isə əlavə edib ki, Latviyadan doqquz universitet Bakıdakı sərgidə iştirak edəcək. "Avropada Təhsil" sərgisi 10-11 oktyabr tarixlərində baş tutacaq.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az