İdman

Kriştianu Ronaldu elan etdi: "Portuqaliya millisində mübarizə aparmağa və qələbələr qazanmağa hazıram"

06 Oct 2026, 23:36 1 baxış
Kriştianu Ronaldu elan etdi: "Portuqaliya millisində mübarizə aparmağa və qələbələr qazanmağa hazıram"
41 yaşlı portuqaliyalı futbolçu Kriştianu Ronaldu sentyabrın 27-də UEFA Millətlər Liqasında Norveç yığmasına qarşı matçda baş məşqçi Jorji Jezuşun onu meydana buraxmamasından sonra Portuqaliya millisinin düşərgəsini tərk etməsi və milli karyerasını bitirməsi ilə bağlı baş verənlərə aydınlıq gətirib. Oxu.Az bu barədə sports.ru-ya istinadən xəbər verir. "Söz verdiyim kimi, milli komanda tarixinin son mərhələsi ilə bağlı şərait barədə birbaşa özüm danışmaq qərarına gəldim. 2026-cı il dünya çempionatından sonra Portuqaliya xalqına bir məktub yazmışdım. Məqsədim milli ilə vidalaşarkən deyəcəyim sözləri buraya qeyd etmək idi. Lakin turnirin sonunda, ABŞ-dən qayıdarkən Portuqaliya Futbol Federasiyasının prezidenti məndən bu qərarı dəyişməyimi xahiş etdi və yığmada davam etməyimi təkidlə istədi. O, həmçinin yeni baş məşqçi namizədi barədə fikrimi soruşdu. Mən bu seçimin doğru olduğunu bildirdim. Bir neçə gündən sonra yeni məşqçi ilə görüşdük. O, mənə güvəndiyini və varlığımın onun layihəsi üçün fundamental əhəmiyyət kəsb etdiyini dedi" , - deyə hücumçu qeyd edib. Ronaldu baş məşqçi ilə aralarında olan xüsusi razılaşmanın təfərrüatını da açıqlayıb: "Məşqçi mənə birinci və sonuncu matçda oynayacağımı, fiziki formanı qorumaq üçün hər oyunda 3-4 əvəzetmə edəcəyini bildirdi. Hətta Norveç və Danimarkaya getməməyimi, Portuqaliyada qalıb fərdi məşq etməyimi təklif etdi. Lakin mən bundan imtina etdim, çünki komandanın kapitanı kimi səfərlərdən yayınmaq yaxşı nümunə ola bilməzdi. Məşqçi də bu arqumentimlə razılaşdı. Uelslə oyunda meydana çıxdım və əvəzlənərkən kapitanlıq sarğısını Bruno Fernandeşə təhvil verdim. Həmin an milli formada son addımlarımı atdığımdan xəbərsiz idim". Ulduz futbolçu Norveçlə oyun günü yaşanan böhranın təfərrüatını vurğulayıb: "Norveçlə matç günü məşqçinin köməkçisi yaxınlaşaraq baş məşqçinin mənimlə danışmaq istədiyini dedi. Məşqçi məndən 30 dəqiqə oynaya biləcəyimi soruşdu. Bu, mənim bərpa planıma uyğun gəlməsə də, dərhal razılaşdım. O mənə "hazır ol, 30 dəqiqə oynayacaqsan" dedi. Qalanı isə artıq tarixdir. İkinci hissədə isinmə hərəkətləri etdim, dəqiqələrin keçdiyini gördüm, lakin mənə şans verilmədi. Məşqçi verdiyi sözü tutmadı". Ronaldu əlavə edib ki, əgər yaxşı fiziki formada olsa, klubunda çıxış edib qollar vursa, cəzasını çəkib bitirdikdən sonra həmişə olduğu kimi milli komanda üçün mübarizə aparmağa və qələbələr qazanmağa hazırdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər