Kriminal

Hüquqşünas adı ilə vətəndaşların yarım milyon manatını ələ keçirdi

06 Oct 2026, 14:58 7 baxış
Hüquqşünas adı ilə vətəndaşların yarım milyon manatını ələ keçirdi
Özünü sosial şəbəkələrdə hüquqşünas kimi təqdim edərək vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Səbiyyə Panəliyevanın cinayət işinin məhkəməsi keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda zərərçəkənlər ifadə veriblər. Zərərçəkən D.G. təqsirləndirilən Səbiyyə Panəliyevanın onun inamından istifadə edərək, ona maddi və mənəvi ziyan vurduğunu bildirib: "Səbiyyəni tanıyanda özünü yaxşı təhsil almış vəkil kimi təqdim elədi mənə. Bildirdi ki, beynəlxalq dərəcədə tanınan "Hüquq mərkəzi"nin direktorudur, Lomonosov adına universitetin hüquq fakültəsində təhsil alıb. Müqavilə bağladıq, ödənişi etdim. Bir müddət keçəndən sonra məbləğin az olduğunu dedi. İbrahim adlı bir sürücünü qapıma göndərib məndən əlavə məbləğ istədi. Mənə Saleh adlı vəkilin nömrəsini atdı. Sonra baxdım ki, telefon nömrələri elə Səbiyyəyə məxsus imiş. Məni elə inandırmışdı, təsirinə salmışdı ki, hissə-hissə 13 min 658 manatı məndən necə aldığından ruhum da xəbər tutmadı. İndi dəymiş ziyanımın 5 658 manatını qaytarıb. Aya 500 manat faiz ödəyirdim, bunu Səbiyyə də bilirdi. Şikayətçiyəm. Pulumu versin, çıxsın. Cavan qadındır, həbsdə olmasını istəmərəm". Digər zərərçəkmiş M.P. 25 000 manat maddi ziyana məruz qaldığı digər bir dələduzdan pulunu almaq üçün vəkil axtararkən S.Panəliyevanı tapdığını deyib: "Sosial şəbəkələrdə, dost-tanış vasitəsilə soraqlaşıb, başıma gələn işdə mənə kömək edə biləcək hüquqşünas axtarırdım. Səbiyyəni tapanda dedi ki, mənim kimi aldadılan başqa bir şəxsin 47 000 manatını alaraq, sahibinə qaytarıb. Bu dedikləri ona qarşı inamımı daha da artırdı. Dedi ki, sənəd filan işlərinə görə 200 manat dövlət rüsumu ödəməlidir, pulu göndərdim. Məni əmin etdi ki, axşama ziyana düşdüyüm pulun 7 000 manatını geri alacaq. Axşamdan neçə axşam ötdü, günlər keçdi. O arada yazıb məndən yenə məbləğlər istəyirdi. Gördüm elə bir ucdan pul istəyir, amma ortada icraat yoxdur. Ona zəng edib hesab soruşanda məni təhqir edib hədələməyə başladı. Heç vaxt inanmazdım ki, vəkil adı ilə bir qadın digər qadını bu hala qoyar. Uşaqlarım ödənişli təhsil alırlar, ödənişin vaxtı çatıb, amma əlimdə ödəməyə bir qəpiyim yoxdur. Bu qadın mənə 10 000 manatdan çox maddi ziyan vurub. Nə vaxt Səbiyyəyə hesab soruşmaq üçün yazıramsa, həmin gün həyat yoldaşımın telefonuna hədə-qorxu dolu mesajlar gəlir. Cavan qardaşımın telefonunu necə, haradan tapıbsa, ona zəng edib barəmdə əxlaqsız ifadələr işlədib, evimə söz-söhbət salır. Növbəti dəfə məhkəmə mülki iddia ərizəmi təqdim edəcəyəm. Pulumu qaytarsa da, faizlər üstümdədir". Növbəti proses oktyabrın 20-nə təyin olunub. Qeyd edək ki, Səbiyyə Panəliyeva özünü sosial mediada hüquqşünas kimi təqdim edərək, 145 nəfərin ümumilikdə 449 916 manat pulunu dələduzluq yolu ilə ələ keçirtməkdə təqsirləndirilir. Ona qarşı CM-in 178.3.2-ci (dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq barəsində həbs qətimkan tədbiri seçilib. Elgün Həsənli
Mənbə oxu.az

Oxşar Xəbərlər