İqtisadiyyat
Nazir Zəngəzur dəhlizindən danışdı: "Orta Dəhliz üzrə ticarəti üç dəfə artırmaq olar"
"2030-cu ilədək Orta Dəhliz üzrə ticarəti üç dəfə artırmaq və daşınma müddətini iki dəfə azaltmaq mümkündür". Oxu.Az xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstanda (CAMCA) dialoqun, əməkdaşlığın və dayanıqlı iqtisadi inkişafın təşviqinə həsr olunmuş illik Regional Forumunda deyib. O bildirib ki, Mərkəzi Asiya regionu son beş ildə Azərbaycan üçün ən dinamik böyüyən ticarət tərəfdaşı olaraq qalır: "Sülh yeni bir ölçü əlavə edir. 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmalar Cənubi Qafqaz üçün də yeni bir səhifə açdı. Zəngəzur dəhlizi və ya TRIPP marşrutu Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və Orta Dəhlizin növbəti halqasına çevriləcək. Mərkəzi Asiya ölkələri ötürmə qabiliyyətinin bu cür əlavə genişlənməsində tamamilə maraqlıdırlar. Biz sülhün nəqliyyat əlaqələrini sadəcə bir arzudan maliyyələşdirilə bilən bir reallığa necə çevirdiyini görürük".
Mənbə
oxu.az