İdman
Türkiyədə hakim QALMAQALI: TFF-dən "təmiz futbol" mesajı
Türkiyə Futbol Federasiyası Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu və digər şəxslərin saxlanılmasından sonra açıqlama yayıb. Oxu.Az xəbər verir ki, federasiyanın yaydığı bəyanatda bildirilib ki, TFF rəhbərliyi vəzifəyə gəldiyi ilk gündən "təmiz futbol, ədalətli oyun" anlayışının gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Qeyd olunub ki, bu çərçivədə mərc və qanunsuz mərc məsələlərinin araşdırılması ilə bağlı Ədliyyə, Daxili İşlər, eləcə də Gənclik və İdman nazirlikləri ilə koordinasiyalı şəkildə əməkdaşlıq aparılır. Bəyanatda bildirilib ki, TFF 2025-ci ilin aprelindən etibarən müxtəlif tarixlərdə ədalətin təmin olunması məqsədilə İstanbul Prokurorluğuna bir neçə cinayət barədə məlumat verib. Həmçinin federasiyada olan və tələb edilən sənədlərin barmaq izi, DNT qalıqlarının müəyyənləşdirilməsi və digər zəruri ekspertizaların aparılması üçün Ədliyyə Tibb Müəssisəsinə təqdim edilməsi məqsədilə İstanbul Prokurorluğuna göndərildiyi açıqlanıb. TFF rəhbərliyi vəzifəyə gəldiyi gündən üzərinə düşən məsuliyyətləri yerinə yetirmək üçün bütün zəruri addımları atdığını və proses boyunca məsuliyyətli şəkildə hərəkət etdiyini bildirib. Federasiya hüququn aliliyinə, məhkəmə orqanlarının müstəqilliyinə və hüquqi proseslərin sağlam şəkildə aparılmasına inamının tam olduğunu vurğulayıb. Xatırladaq ki, İstanbul Prokurorluğunun hazırda davam edən istintaq tədbirləri çərçivəsində MHK sədri Ferhat Gündoğdu daxil olmaqla, 7 nəfər şübhəli şəxs qismində saxlanılıb. Genişmiqyaslı araşdırma zamanı əsasən mobbinq və rəsmi sənədlərdə saxtakarlıq iddiaları araşdırılır.
Mənbə
oxu.az