İdman

Fernando Alonso karyerası barədə QƏRARINI VERDİ

29 Sep 2026, 15:40 5 baxış
Fernando Alonso karyerası barədə QƏRARINI VERDİ
"Formula-1" üzrə dünya çempionatının ikiqat qalibi olan ispaniyalı ulduz Fernando Alonso "Aston Martin" komandası ilə müqaviləsinin müddətini uzadıb. Oxu.Az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti rəsmi məlumat yayıb. Kanadalı pilot Lens Stroll da eyni addımı ataraq yeni müqaviləyə imza atıb. Beləliklə, hər iki yarışçı 2027-ci ildə də bu komandanın şərəfini qorumağa davam edəcək. Hazırda 45 yaşı olan Alonso 2023-cü ildən etibarən "Aston Martin"in heyətində yer alır. Cari mövsümdə hesabına 3 xal yazdıran idmançı pilotların reytinq cədvəlində 19-cu pillədə qərarlaşıb. O, Niderland Qran-prisində 9-cu, Monako yarışında isə 10-cu yeri tutmağı bacarıb. Qeyd edək ki, Alonsonun "Formula-1"də debütü 2001-ci ildə İtaliyanın "Minardi" komandası ilə baş tutub. O, 2003-cü ildə "Renault" ilə müqavilə imzalayaraq bu komanda ilə iki dəfə (2005, 2006) çempionluq sevinci yaşayıb. Bundan sonra ispaniyalı pilot bir mövsüm "McLaren"də çıxış edib, daha sonra iki illiyinə yenidən "Renault"ya qayıdıb. 2010-cu ildə isə "Ferrari"yə keçərək beş mövsüm bu əfsanəvi komandanın formasını geyinib. Ardınca yenidən "McLaren"ə dönən yarışçı 2018-ci il mövsümünün sonunda "Formula-1" karyerasına fasilə verib. Alonso böyük avtoidmana 2021-ci ildə "Alpine" komandasının heyətində geri dönüb. Xatırladaq ki, ispaniyalı ulduz iştirak etdiyi yarışların sayına görə (440) "Formula-1" tarixinin mütləq rekordçusudur.
Mənbə oxu.az

Oxşar Xəbərlər