Cəmiyyət
166 nömrəli avtobusla bağlı şikayətə CAVAB: Sürücüyə xəbərdarlıq ediləcək
Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisindən "8-ci kilometr" bazarı istiqamətində hərəkət edən 166 nömrəli müntəzəm marşrut avtobuslarında sərnişin sıxlığı və nəqliyyat vasitələrinin sayının az olması ilə bağlı şikayətə cavab verilib. Məsələ ilə bağlı sözügedən marşrut xəttinin daşıyıcı şirkətinin xətt rəisi Asif Rüstəmov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda reysə buraxılan avtobuslarla yanaşı, təmirdə olan nəqliyyat vasitələri də var. Onun sözlərinə görə, yolların təmirsiz və asfalt örtüyünün yararsız vəziyyətdə olması avtobusların tez-tez sıradan çıxmasına səbəb olur. A.Rüstəmov qeyd edib ki, marşrut xətti tenderə verilib və növbəti ay daha yaxşı xidmət göstərə biləcək daşıyıcı müəyyənləşərsə, xətt üzrə xidmət həmin şirkət tərəfindən həyata keçiriləcək. O bildirib ki, hazırda təmirdə olan avtobuslar istifadəyə verildikcə xəttə əlavələr ediləcək və bununla da sərnişinlərə göstərilən xidmətin yaxşılaşdırılmasına çalışılacaq. Xətt rəisi sərnişinlərin avtobusun qapısından asılı vəziyyətdə getməsi ilə bağlı da danışıb: "Tapşırıq verilib ki, sərnişin axını çox olsa belə, qapıları açıq vəziyyətdə avtobusun hərəkətə başlamasına yol verilməsin. Sürücü dəvət olunacaq, ondan izahat alınacaq və rəsmi xəbərdarlıq ediləcək".
Mənbə
oxu.az