İdman
Azərbaycanı təmsil edən idmançı atasının soyadına görə üzləşdiyi məsuliyyətdən danışıb
Azərbaycanı təmsil edən gənc fiqurlu konkisürən Aleksandr Plyuşşenko atası Yevgeni Plyuşşenkonun məşhur soyadını daşımağın ona necə böyük bir məsuliyyət hissi aşıladığını etiraf edib. Oxu.Az "sports.ru" nəşrinə istinadən xəbər verir ki, gənc idmançı atasının bu idman növündə ən yaxşı olduğunu deyib. "Çünki mənim soyadım Plyuşşenkodur. Mənim atam bütün dövrlərin ən yaxşı fiqurlu konkisürənlərindən biridir. Hətta deyə bilərəm ki, ən yaxşısıdır. Onun dörd olimpiya medalı var. Hələ ki, bu rekordu heç kim qırmayıb və qırmaq da çox çətin olacaq. Digər idmançılarda belə bir soyad yoxdur, buna görə də hər addımları izlənildikdə mənim qədər məsuliyyət və diqqət hiss etmirlər", - deyə 13 yaşlı idmançı bildirib. Aleksandr, həmçinin ünvanına səslənən tənqidlərə necə reaksiya verdiyinə də aydınlıq gətirib: "Əgər kimsə mənə nifrət bəsləyirsə və çirkin sözlər deyirsə, bunların hamısı onlara geri qayıdacaq. Çünki həyat bir bumeranqdır". O əlavə edib ki, atası ilə müqayisə olunmağa ancaq sevinir və onunla birgə çalışmaqdan zövq alır: "Çox şadam ki, məşqçim başqası yox, məhz odur. Əlbəttə, istəyirəm ki, məni atamla müqayisə etsinlər. Çünki məni fiqurlu konkisürmədə özüm üçün ən yaxşı hesab etdiyim insanla eyniləşdirirlər". Xatırladaq ki, bir müddət əvvəl Aleksandr Plyuşşenko Batumidə gənclər arasında keçirilən Qran-pri mərhələsində onuncu yeri tutmuşdu. Onun atası Yevgeni Plyuşşenko isə ikiqat olimpiya çempionu və dörd fərqli Olimpiadada dörd medal qazanmış əfsanəvi idmançıdır.
Mənbə
oxu.az