Dünya
Tehran masaya yeni plan qoydu: Müharibənin dayandırılması üçün ŞƏRTLƏR
İran nümayəndə heyəti xarici işlər naziri Abbas Əraqçinin başçılığı ilə sentyabrın 28-də ABŞ ilə danışıqlarda vasitəçilik edən tərəflərlə görüş keçirəcək. Oxu.Az xəbər verir ki, bu barədə ISNA agentliyi və danışıqlardan məlumatlı rəsmiyə istinadən "Reuters" məlumat yayıb. Məlumata görə, Qətərdən olan vasitəçilərin bazar ertəsi və ya çərşənbə axşamı Nyu-Yorkda Əraqçi ilə, ABŞ tərəfi ilə isə ayrıca danışıqlar aparması gözlənilir. Görüşlər müharibəyə son qoyulması istiqamətində yeni təşəbbüs çərçivəsində keçiriləcək. Danışıqların İranın ötən həftə BMT Baş Assambleyasının iclası çərçivəsində təqdim etdiyi yeddi günlük təklifin dəyişdirilmiş variantı üzərində cəmləşəcəyi bildirilir. ISNA-nın məlumatına görə, Əraqçi ilə vasitəçilərin görüşündə tərəflər mövcud vəziyyətlə bağlı son təklifləri və mövqeləri nəzərdən keçirəcəklər. Görüşdə ABŞ tərəfinin nümayəndələrinin iştirak etməyəcəyi bildirilib. İranın yeddi günlük planı İran və Livandakı bütün hərbi əməliyyatlara son qoyulmasını, milyardlarla dollar dəyərində İran aktivlərinin dondurulmasının aradan qaldırılmasını, İran neftinə tətbiq olunan sanksiyaların ləğvini və ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılmasını nəzərdə tutur.
Mənbə
oxu.az