Şou biznes
Teylor Svift Beyonseni geridə qoydu
Teylor Svift "MTV Video Music Awards" (VMA) tarixinin ən çox mükafat qazanan sənətçisi adına layiq görülüb. Oxu.Az-ın AP-yə istinadən verdiyi məlumata görə, "MTV Video Music Awards 2026" mərasimində "Ən yaxşı rejissor-ifaçı" adlı yeni mükafatı əldə edən Teylor Svift VMA heykəlciklərinin ümumi sayına görə birinci yerə yüksəlib. Qeyd edək ki, bu vaxta qədər o, liderliyi 30 mükafatla Beyonse ilə bölüşürdü. Yeni təsis edilmiş bu mükafat kadr arxasında fəal çalışan və musiqi kliplərində vizual hekayələrin inkişafına təsir göstərən sənətçilər üçün nəzərdə tutulub. Bundan əlavə, Svift "The Life of a Showgirl" albomunda yer alan "The Fate of Ophelia" trekinə görə "İlin videosu" mükafatına da layiq görülüb. İfaçı öz çıxışında bu mükafatı avqust ayında 80 yaşında dünyasını dəyişən Dolli Partona həsr etdiyini bildirib. Tədbir çərçivəsində həmçinin müğənninin özünün ərsəyə gətirdiyi "Patient Zero" klipinin premyerası baş tutub. Videoda Kolin Farrell və Dakota Conson rol alıblar. Sözügedən sinql Sviftin "Kanzas-Sity Chifs" komandasının oyunçusu Trevis Kelsi ilə ailə həyatı qurmasından sonra təqdim etdiyi ilk böyük layihəsidir. Mərasimin aparıcısı Snoop Dogg olub. Proqramda Dolli Parton və Corc Mayklın xatirəsinə həsr olunmuş tribyutlar, həmçinin Raye, Bruno Mars, "Shaboozey" və digər ulduzların çıxışları yer alıb. "Ən yaxşı yeni sənətçi" nominasiyasında Sienna Spiro qalib gəlib. Madonna isə "İlin sənətçisi" və "Ən yaxşı işbirliyi" də daxil olmaqla bir neçə mükafatın sahibi olub. Gecənin ən yaddaqalan anlarından biri də "Video Vanguard Award" mükafatının "Nirvana" qrupuna təqdim edilməsi olub. Mükafatı Krist Novoseliç, Deyv Qrol və Pet Smir qəbul ediblər. Novoseliç qeyd edib ki, kollektivin musiqisi özünün "həqiqi və barışmaz" xarakteri sayəsində dinləyicilərin qəlbində yaşamağa davam edir.
Mənbə
oxu.az