Cəmiyyət

Kanalizasiya problemi vətəndaşları təngə gətirib: Çirkab sular küçəyə axıdılır - FOTO/VİDEO

26 Sep 2026, 16:56 4 baxış
Kanalizasiya problemi vətəndaşları təngə gətirib: Çirkab sular küçəyə axıdılır - FOTO/VİDEO
Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, M.B.Topçubaşov küçəsinin sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər. Oxu.Az-a müraciət edən sakinlər qeyd ediblər ki, ərazidə çirkab sular küçəyə axıdılır, yol örtüyü dağılıb, antisanitar vəziyyət hökm sürür. Müraciətdə qeyd olunur ki, sakinlər daha əvvəl - 4 avqust 2026-cı il tarixində aidiyyəti qurumlara müraciət ediblər. Lakin onların sözlərinə görə, müvafiq tədbir görülməyib. Sakinlər iddia edir ki, tullantı suları hazırda da birbaşa küçənin hərəkət hissəsinə axır. Onlar bununla yanaşı, ərazidə qanunsuz kanalizasiya xəttinin çəkildiyini və çirkab suların əraziyə axıdılmasının planlaşdırıldığını vurğulayırlar. Müraciətdə qeyd olunub ki, çirkab suların açıq əraziyə və yamaca axıdılması nəticəsində torpaq qatı və yol örtüyü zədələnir, nəqliyyat vasitələrinin hərəkəti çətinləşir, həmçinin epidemioloji risklər yaranır.

Sakinlər aidiyyəti qurumlardan əraziyə yerində baxış keçirilməsini, axıntının və qanunsuz qoşulmanın qarşısının alınmasını, qanunsuz tikinti və kommunikasiya müdaxiləsi edən şəxslər barədə tədbir görülməsini istəyirlər. Bundan başqa, sakinlər dağıdılmış yol örtüyünün bərpa edilməsini, ərazinin antisanitar vəziyyətdən təmizlənməsini və görülmüş tədbirlər barədə onlara qanunla müəyyən edilmiş müddətdə məlumat verilməsini xahiş ediblər. Sənəddə 18 sakinin imzası yer alıb. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər