Leyenin İrəvan açıqlamasına Kremldən reaksiya
AB-nin daxili bazarı rəqabətlidir və yüksək səviyyədə tənzimlənir, Ermənistan məhsulları üçün əlverişli şərait yaratmayacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin rəhbəri Vladislav Maslennikov deyib.
“Sərt reallıq budur ki, AB-nin daxili bazarı çox rəqabətlidir və ciddi şəkildə tənzimlənir. Ermənistan məhsullarına orada qucaq açılacağını gözləmək, açığı, real deyil”, - o bildirib.
Maslennikov onu da vurğulayıb ki, təcrübə AB-yə namizəd ölkələrin üzvlük üçün illərlə deyil, hətta onilliklərlə gözlədiyini göstərir.
Qeyd edək ki, dünən Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ermənistanı Avropa Birliyinə daha da yaxınlaşdırdıqlarını, 200 milyon avroluq bağlantı paketi çərçivəsində yollar və körpülər inşa etdiklərini, Ermənistanın AB bazarına ixracının 80%-nin artıq tariflərdən azad olduğunu açıqlamışdı.