ABŞ Ermənistan mediasına 7,5 milyon dollar verib
ABŞ “Media Program in Armenia” proqramı çərçivəsində Ermənistan mediasının, jurnalistlərin və blogerlərin maliyyələşdirilməsinə təxminən 7,5 milyon dollar vəsait ayırıb.
Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” ABŞ hökumətinin xərcləri ilə bağlı araşdırılmış məlumatlara istinadla məlumat yayıb.
“Əvvəlcə Vaşinqton proqram üçün 15 milyon dollar ayırmağı planlaşdırıb. Proqram 2023-cü ildə başlayıb və 2028-ci ilə qədər davam etməli idi, lakin maliyyələşdirmə iki ildən sonra dayandırılıb. Vəsaitlər müstəqil media adlandırılan qurumlara dəstək göstərən beynəlxalq qeyri-kommersiya təşkilatı “Internews” vasitəsilə ayrılıb. 2024-cü ilin dekabrına qədər proqram çərçivəsində 59 erməni mediası dəstək alıb, 338 media nümayəndəsi isə təlim keçib. Layihənin dəstəyi ilə jurnalist və blogerlər 805 material hazırlayıblar.
Proqram Donald Trampın Ağ Evə qayıtmasından sonra dayandırılıb. Buna səbəb yeni administrasiyanın xarici layihələrin, o cümlədən USAİD vasitəsilə maliyyələşdirilən proqramların maliyyələşdirilməsini yenidən nəzərdən keçirməsi olub. Ermənistan media proqramı üçün “Internews” qrantının maliyyələşdirilməsi 1 mart 2025-ci ildə başa çatıb”, - məlumatda deyilib.