Cəmiyyət
Şuşada möhtəşəm tədbir: Milli Musiqi günü belə qeyd edildi - Foto - Video
18 sentyabr - Milli Musiqi günü Şuşada möhtəşəm şəkildə qeyd edilib. Görkəmli bəstəkar, musiqişünas alim, dramaturq, pedaqoq və ictimai xadim, Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyovun doğum günü ilə bağlı təsis edilən bu əlamətdar gün milli musiqimizin və böyük sənətkarın irsinə ehtiramın ifadəsidir. Oxu.Az xəbər verir ki, Milli Musiqi günü münasibətilə ilk olaraq dahi şəxsiyyətin büstünün və heykəlinin önünə gül dəstələri və çələng qoyulub. Daha sonra Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyovun ev-muzeyində tədbir keçirilib. Tədbirdə Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov, deputat Polad Bülbüloğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Şuşa rayonundakı idarə və müəssisələrin rəhbərləri, Qarabağ universitetinin nümayəndənləri, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, şəhər sakinləri iştirak ediblər. Tədbirdən öncə Üzeyir Hacıbəylinin güllələnmiş büstünün və tut bağındakı heykəlinin önünə gül dəstələri düzülüb, xatirəsi yad edilib. Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilən konsertdə dahi bəstəkarın əsərlərindən ibarət səslənən əvəzsiz ifa və rəqslər möhtəşəmliyi ilə yadda qalıb. Şuşanın istedadlı gənclərinin - Ləman Təhməzzadənin, Emin Məmmədlinin, Sədaqət Məmmədovanın və Məcid Məmmədovun ifaları böyük rəğbət və alqışlarla qarşılanıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az