Rubio çinli nazirlə danışdı: Nələr müzakirə olundu?
Sentyabrın 17-də Çinin xarici işlər naziri Van Yi ilə ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında məsələlərlə yanaşı, Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.
Çin-ABŞ münasibətlərinin bir müddətdir iki dövlət başçısı tərəfindən müəyyən edilmiş konstruktiv strateji sabitlik yolu ilə irəlilədiyini bildirən Van Yi deyib ki, liderlər səviyyəsindəki diplomatiya Çin-ABŞ münasibətlərinin əsas dayağıdır. O vurğulayıb ki, tərəflər bərabərlik, hörmət və qarşılıqlı fayda ruhunda yüksəksəviyyəli təmasların növbəti mərhələsinə hazırlaşmalı, kommunikasiyanı gücləndirməli, əməkdaşlığı inkişaf etdirməli, fikir ayrılıqlarını idarə etməli və bir-birinin əsas maraqlarına hörmət etməlidir.
Tərəflər Yaxın Şərqdəki vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.