Dünya
Məkkə müqaviləsinə yeni dövlətlər qoşula bilər – RƏSMİ AÇIQLAMA
"Asiya regionunda sülhə, eləcə də müdaxilə etməmək və daxili işlərə qarışmamaq prinsiplərinə inanan digər dövlətlər Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanının iştirakçısı olduğu Məkkə müqaviləsinə qoşula bilərlər". Oxu.Az xəbər verir ki, bunu "Al Arabiya" telekanalına Pakistan Silahlı Qüvvələrinin rəsmisi Əhməd Şərif Çaudri deyib. Pakistanlı general bildirib ki, bu formatı "yalnız müsəlman ölkələrindən ibarət klub" kimi dəyərləndirmək düzgün deyil. O əlavə edib ki, genişlənmə ilə bağlı qərarı iştirakçı dövlətlər verməlidir. General paktın müdafiə xarakteri daşıdığını və "kollektiv çəkindirməyə" yönəldiyini vurğulayaraq, sənəddə heç bir regional ambisiyanın və aqressivliyin olmadığını qeyd edib. "Beləliklə, qarşılıqlı müdafiəyə dair bu sənəd əlavə xarakter daşıyır. O, iştirakçı ölkələrin digər münasibətlərinə heç bir maneə yaratmır", - deyə Çaudri vurğulayıb. Xatırladaq ki, bir müddət əvvəl Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi hazırkı mərhələdə Məkkə müqaviləsinin genişləndirilməsi məsələsinin müzakirə olunmadığını açıqlamışdı. Qeyd edək ki, sözügedən anlaşma avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud tərəfindən imzalanıb. Sənədə əsasən, iştirakçı ölkələrdən hər hansı birinə hücum bütün müttəfiqlərə qarşı təcavüz kimi qiymətləndiriləcək.
Mənbə
oxu.az