Dünya
Lavrov: "ABŞ Ankoric razılaşmalarını pozmasaydı, Ukrayna münaqişəsi çoxdan bitmişdi"
"ABŞ Ankoricdə əldə olunmuş razılaşmalardan imtina etməsəydi, Ukraynadakı münaqişə çoxdan başa çatmışdı". Oxu.Az-ın "İzvestiya"ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxışı zamanı bildirib. "Əgər onlar Ankoric razılaşmasını pozmasaydılar, hələ bir ildən çox əvvəl bu hərbi əməliyyatlara son qoya bilərdilər", - deyə nazir "Ukrayna böhranı. Qərbin hüquqi təcavüzü" mövzusunda keçirilən 13-cü səfirlər dəyirmi masasında qeyd edib. S.Lavrovun sözlərinə görə, ABŞ-nin təklifi hərbi əməliyyatların Rusiya üçün məqbul olan şərtlər daxilində dayandırılmasını nəzərdə tuturdu. XİN rəhbəri vurğulayıb ki, rəsmi Moskva həmin təşəbbüsü heç bir dəyişiklik olmadan qəbul edib və buna görə də onu razılaşma kimi qiymətləndirir. Rusiya diplomatiyasının rəhbəri Avropa dövlətlərini ABŞ Prezidenti Donald Trampı ilkin təklifdən çəkinməyin vacibliyinə inandırmaqda təqsirləndirib. O əlavə edib ki, Qərbin müdaxiləsi nəticəsində İstanbul razılaşmaları pozulduqdan sonra Rusiya danışıqlar getdiyi müddətdə xüsusi hərbi əməliyyatı dayandırmaq niyyətində deyil. Nazir bildirib ki, Rusiya mülki əhali arasında itkiləri minimuma endirməyə çalışır. Lavrov, həmçinin Vaşinqtonun vasitəçiliklə bağlı mövqeyindəki dəyişikliyə də diqqət çəkib. Onun sözlərinə görə, əvvəllər ABŞ dövlət katibi Marko Rubio ölkəsinin Ukraynanın tərəfində olduğu üçün vasitəçi ola bilməyəcəyini desə də, sonradan Birləşmiş Ştatları bu rolu icra edə biləcək yeganə tərəf adlandırıb. Rusiya XİN rəhbəri BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Marko Rubio ilə görüşünün planlaşdırıldığını da bəyan edib. S.Lavrov dövlət katibi ilə Ukrayna münaqişəsinin gələcək nizamlanması üzrə Dövlət Departamentinin mövqeyini müzakirə etmək niyyətindədir.
Mənbə
oxu.az